İndi Müsavatın və gənclərin qayğısına qalan oldunuz?
Səxavət Soltanlı
Müsavat Partiyasının son qurultayı ətrafında müzakirələr və münasibətlər kifayət qədərdir. Hələ də davam edir. Təbiidir, gözlənilən idi.
Müsavat Gənclər Təşkilatında olan seçkilər belə cəmiyyətdə bütün partiyaların sədr seçkilərindən daha ciddi və kütləvi müzakirə olunduğunu bildiyimiz halda, partiya başqanı seçkilərinin hansı səviyyədə müzakirə ediləcəyini hesablamaq elə də çətin deyildi.
Ağlı başında olan, nəyin doğru, nəyin səhv olduğunu bilən səmimi insanlar İsa Qəmbərin yenidən Müsavat başqanı seçilməsini bəyənir, alqışlayır, təbrik edir, doğru hesab edirlər. Onların da sayı kifayət qədərdir.
Az sayda insan da var, hansılar ki, Müsavat Partiyasına və İsa Qəmbərə qarşı kampaniyalarını hər zaman aparıblar. Onlar bu istiqqmətdə bir növ ixtisaslaşıblar, öz peşələrinə sadiqlik göstərib yersiz böhtan xarakterli kampaniyalarını aparırlar.
Bu qara kampaniyanı aparanlar həm də mənim və Fərəc Kərimlinin üzərindən Müsavata, İsa Qəmbərə hücum edirlər deyə, hər birinə ayrı-ayrılıqda cavab verməkdənsə, hamısına bu yazıyla cavab verməyi lazım və doğru hesab etdim.
Əslində bu cavabın da onları qane etməyəcəyini bilirəm. Onların əksəriyyətinin gözünü qərəz və kin o dərəcədə tutub ki, nə cavab versək dayanmayacaq, durmayacaqlar.
Yalan deyilirsə, həqiqət də mütləq deyilməlidir. İzləyənlər və obyektiv düşünənlər üçün.
Bu yazı əsasən az sayda səmimi tənqidçilər və onlar kimi düşünən oxucular üçündür.
Qərəzli olanlar kimlərdir, onları necə müəyyən edə bilərik?
10 ildir Müsavat Partiyasının rəhbərliyində ən yüksək səviyyədə gənclər olaraq təmsil olunuruq. Bu illər ərzində indi “gənclərə yol verilmir”, “irəli çəkilmir” deyənlərdən hər hansı birini göstərə bilərsizmi biz gəncləri dəstəkləyən, təbliğ edən, çıxışlarımızı paylaşan, bizi gənc siyasətçilər olaraq efirlərinə dəvət edən, gördüyümüz işləri qabardan, paylaşan bir fəaliyyətləri olsun?
Tam əksinə! Faktlarla da deyə bilərəm ki, həmin şəxslərin önündə gedənlər bizə qarşı ən çirkin kampaniyalar aparıb, haqqımızda olmayanları danışıb, bizi də gözdən salmaqla məşğul olub. Bizə nifrət etdiklərini açıq etiraf edənlər olub. Hətta, “İsa Qəmbəri yalnız ona görə bəyənmirəm ki, Müsavatın rəhbərliyinə mənim xoşum gəlməyən insanların gəlməsinə şərait yaratdı” deyənlər olub.
Müsavat Partiyasına hər hansı mövzuda müsahibə üçün, efir üçün müraciət ediləndə partiya başqanı Arif Hacılı səviyyəsində dəfələrlə onlara məni və digər dostlarımıza müraciət etmək məsləhət edilsə də, “gənc siyasətçiləri efirə dəvət edin” deyilsə də hər dəfə müxtəlif bəhanələrlə onlar bu təkliflərdən boyun qaçırıblar.
“Ad çək” deyən olmasın deyə qərəzlilərindən və öndə gedənlərindən birinin adını çəkim. Sevinc Osmanqızı. Bir neçə dəfə bu kimi təkliflərdən müxtəlif bəhanələrlə imtina edib. Hətta bir dəfə təxminən belə bir cavab verdiyini xatırlayıram ki, biz yeni siyasətçilərlə deyil, tanınmışlarla müsahibələr edirik.
Başqa bir faktı deyim, mitinqlərin birində obyektiv müşahidəçilərin etiraflarına görə ən parlaq çıxış edən biri olaraq mənim çıxışım video yazılardan kəsilərək müxtəlif xaricdə və daxildə fəaliyyət göstərən internet tv-lərin efirlərindən nümayiş edilmişdi.
Son parlament seçkilərində ölkə üzrə ən parlaq seçki kampaniyası aparan gənc namizədlərdən biri olsam da o mövzuda mənimlə bağlı bir cümlə səsləndirməyənlər indi güya məni və Müsavatı çox sevən oldular?
Nə dəyişdi?
Digərləri də gənclərə təxminən oxşar münasibət göstərib. İndi güya gəncləri düşünən, vacib hesab edən, dəstəkləyən, sevən olublar.
Başqa partiyalara qarşı niyə belə münasibət yoxdur, onlarda gənclərə niyə yol verilmir deyib kampaniya aparılmır onu da bilirik.
Sədr postuna da deyil, ikinci partiya vəzifəsinə, Ali Məclis sədrliyinə seçkilərdə yaşlı və heç populiyar olmayan yaşlı siyasətçiyə, nisbətən tanınan gənc siyasətçinin uduzdurulduğu partiyada da bəzi üzvlər sən demə Müsavatda gəncləri dəstəkləyirmiş, biz bilməmişik. Həmin zaman o partiyaya qarşı “gənclərə niyə yol vermirsiz?” deyə kiminsə yazdığına da rast gəlmədik.
Daha hədsiz kin və nifrətlə bəslənən, həyatlarını intiriqalarla, ona buna söz atmaqla sürənlərə, onlar Müsavat və ya İsa Qəmbər əlehinə 1 gün yazmayanda təəccüblənən gənclər onların adını tağ etməklə bizə söz atıb statuslarda ələ saldıqlarına, ələ salındıqlarını başa belə düşməyənlərə cavab verməyi ümumiyyətlə lazım bilmirəm.
Səmimi olaraq gəncləşmə, yenilənmə istəyənlərə tam səmimi olaraq deyirəm bizə partiya başqanı olmaq üçün ən yüksək səviyyədə təkliflər edilib, şəxsən İsa bəy də belə bir təklifi tam ciddi şəkildə şəxsi söhbətlərdə, daxili müzakirələrdə və ictimai qaydada efirlərdən səsləndirib.
Bilməyinizi istəyirəm ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması təklifi ilk dəfə potensial ən gənc namizədlər, bizlər tərəfindən səsləndirilib və dəstəklənib. Eləcə də mümkün namizədlər tərəfindən bu təklif birmənalı dəstəklənib, ən doğru hesab edilib.
Müsavat Partiyasının başqanlığına mən niyə namizəd olmadım?
Cavabım qısa və konkretdir.
Mən düşünmürəm ki, indiki çətin və mürəkkəb dövrdə mən İsa Qəmbər qədər Azərbaycan cəmiyyəti və Müsavat Partiyası üçün faydalı ola bilərdim.
Sizi əmin edirəm, əgər mən və ya başqa bir gənc dostumiz Müsavat başqanlığına namizəd olsaydı, seçilsəydi İsa Qəmbərə hücum edənlər daxil olmaqla 10 dəfə çox insan indi bizim əleyhimizə döşəyirdi.
Gələk sona, bir partiyanın rəhbərini həmin partiyanın üzvləri, qurultay nümayəndələri seçir. Demokratiya istəyirik deyənlərin tam demokratik seçkinin nəticələrini dartışması məncə səmimi deyil.
Müsavat Partiyasının gəncləşməsini, yenilənməsini istəyən səmimi insanlara burdan müraciət edirəm, gəlin qoşulun sıralarımıza, uğurlu bildiyiniz başqa gəncləri, xanımları da dəvət edək sıralarımıza 4 il sonra qurultay nümayəndəsi seçilin, gənclərdən birinin və ya özünüzün namizədliyinizi verin təbliğat aparın dəyişiklik edin.
İndi isə bu çətin mərhələdə ən doğru seçim İsa Qəmbər idi, biz də onu seçdik.
Hər kəsə sevgi və hörmətlə.