Müsavat Divanının gündəliyi

Martın 3-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

Fevralın 26-da Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Bakıdakı “Ana harayı” abidəsini ziyarət ediblər. Həmin gün Müsavat Partiyası Sumqayıt təşkilatının təmsilçiləri Sumqayıt şəhərində Şəhidlər Xiyabanında Xocalı şəhidlərini anıblar.

Martın 2-də mərhum jurnalist, “Monitor” jurnalının əfsanəvi baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 20-ci ildönümü ilə əlaqədar Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı Elmar Hüseynovun məzarını ziyarət ediblər.

Məclisin sədri Arif Hacılı qurumun komissiya sədrlərinin iclası barədə məlumat verib.

Qanunsuz olaraq həbs edilmiş Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi barədə məlumat dinlənilib. Qeyd edilib ki,  vəkilləri məhkəmədən Tofiq Yaqubluya bəraət hökmü çıxarılmasını istəyiblər.

Jurnalist Fatimə Mövlamlının  həbsi Azərbaycanda söz azadlığının boğulması istiqamətində növbəti qanunsuz addım kimi qiymətləndirilib. Kanal 13 internet televiziyasının direktoru Əziz Orucovun qanunsuz ev tikmək ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilməsi pislənilib. Siyasi motivlərlə həbs edilən bütün şəxslərin azad olunması və ölkədə repressiyaların dayandırılması bir daha tələb edilib.

İclasda regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, ötən həftə Vaşinqtonda keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mübahisə mütərəqqi dünyada ciddi narahatlıq doğurub. Müsavat Partiyası ümid edir ki, Ukrayna xalqının öz suverenliyi və ərazi bütövlüyü uğrunda haqlı mübarizəsinə Avropa dövlətləri, Türkiyə və Böyük Britaniya ilə yanaşı, ABŞ administrasiyası da sonadək dəstək verəcək.

Sonda cari məsələlər müzakirə olunub.