ABŞ və Ukrayna rəsmiləri Səudiyyə Ərəbistanında danışıqlar apardı – Yenilənib
Ukrayna və ABŞ rəsmiləri Rusiya ilə müharibəyə son qoymağın yolunu tapmaq üçün çərşənbə axşamı Səudiyyə Ərəbistanında danışıqlar aparıblar.
“Financial Times” yazır ki, Ukrayna və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqları başa çatdırıblar.
Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak bildirib ki, Ukrayna ABŞ-ın 30 günlük atəşkəs rejiminin dərhal tətbiqi təklifini qəbul etməyə “hazır olduğunu” ifadə edib. “ABŞ bu təklifi Rusiyaya da verəcək, Rusiya razılaşsa, bu sülhə nail olmaq üçün açar olacaq”, – Yermak yazıb.
O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar “kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır” və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir.
Nümayəndə heyətləri həmçinin Kiyev və Moskva arasında hərbi əsirlərin mübadiləsini və ukraynalı uşaqların geri qaytarılmasını müzakirə ediblər. Bundan əlavə, hər iki ölkənin prezidentləri nadir metalları haqqında sazişi “mümkün qədər tez” imzalamağa razılaşıblar.
Yermak əlavə edib ki, Birləşmiş Ştatlar bu konkret təklifləri Rusiya nümayəndələri ilə müzakirə etmək öhdəliyi götürüb.
***
Ciddə şəhərində keçirilən görüş bütün dünyanın diqqət mərkəzindədir.
Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Zelenskinin aparat rəhbəri Andrey Yermak Telegram-da “Görüş çox konstruktiv başladı” deyə yazı paylaşıb.
Ukraynanın avropalı müttəfiqləri bu görüsü Kiyevin ABŞ-ın müharibə ilə bağlı siyasətini dəyişdirməsi üçün bir şans kimi qiymətləndirirlər.
Birləşmiş Ştatlar Ukraynaya hərbi yardımı kəsdikdən və Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdıqdan sonra Rusiyanın işğal planlarının baş tutacağına dair narahatlığı artırıb. İngiltərənin baş naziri Kir Starmer danışıqların nəticəsi olaraq Trampın bu qərarları ləğv edə biləcəyinə ümid etdiyini söyləyib.
“Əziz amerikalılar, əziz ukraynalılar, bu gün Ciddədə şansı qaçırmayın. Bütün dünya sizi izləyir. Uğurlar!” – bunu isə X platformasında Polşanın Baş naziri Donald Tusk yazıb.
Danışıqların nəticələri məlum olduqda yazı yenilənəcək.