Tofiq Yaqublunun apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi

Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun apelliyasiya şikayətinə 6 may saat 12:30-da baxılacaq.

Prosesə Zamin İbrahimov sədrlik edəcək. Bu haqda vəkil Nemət Kərimli məlumat verib.

Apelyasiya məhkəməsinin yubadılması etirazla qarşılanıb, Müsavat Partiyası bunu Tofiq Yaqublunun hüquqlarının pozulmasının davamı kimi qiymətləndirib. 

Tofiq Yaqublu artıq 24 gündür təcridxanada aclıq aksiyası keçirir. O, azad olunmayacağı təqdirdə aksiyanı ölənədək davam etdirəcəyini bildirib.

Tofiq Yaqublunun qızı Nigar Həzi apelyasiya məhkəməsinin gecikdirilməsini  “Əliyev rejiminin Tofiq Yaqublunu öldürmək qərarı verdiyinin sübutu” kimi qiymətləndirib.

“Günlər keçdikcə Tofiq Yaqublunun vəziyyəti daha da kritikləşir. Bu gün 24 gündür ki, o, aclıq edir. Bu qədər aclıq 65 yaşlı T.Yaqublu üçün ölüm siqnalıdır. Hər an həyatına elə təhlükə ola bilər ki, onu itirərik” -deyə, Nigar Həzi özünün feysbuk hesabında yazıb.