“Abzas Media” işi: Ülvi Həsənli məhkəmədə soruşdu ki, çöldə adam qalıb?

 

Bu gün “Abzas Media”nın şərlənərək həbs olunan təmsilçiləri və jurnalistlərinə qarşı məhkəmə prosesi davam etdi.

Məhkəməyə ittiham tərəfinin gətirdiyi şahidlərin heç biri prokurorun istədiyi ifadəni vermədi. Əksinə jurnalistlərin günahsız olduğunu dedilər.

Hafiz Babalının səhhətinə görə ev dustaqlığına buraxılması barədə vəsatət yenə təmin edilmədi.

Sevinc Vaqifqızı 29 gündür aclıq edən Tofiq Yaqublunun və bütün siyasi məhbusların azadlığını tələb edən bəyanat verdi.

Məhkəmədə Fərid Mehrəlizadə prokurorun onu təhqir etməsinə görə, ona xəbərdarlıq elan olunmasını istədi.  Hakim onu “yola verməyə” cəhd etdikdən sonra isə ittihamçının ötən iclasdakı “klounluq eləmə” sözünü, onun özünə qaytardı.

Gənclər çox hazırlıqlı və savadlıdırlar, vəkillərinin də köməyi ilə ittihamçını və hakimi öz məntiqli çıxışları ilə “yemişdilər”. Üstəlik, həbsdə olmalarına rəğmən çox xoşbəxt görünürdülər. Heyif ki, məhkəmə zalında çəkilişə icazə vermirlər, o atmosferi çəkib sizinlə paylaşa bilmədim.

Hakimlər müşavirəyə gedən zaman Ülvi Həsənli soruşdu ki, çoldə adam qalıb? Məhkəmə zalında arxa sıralar boş idi… Ülviyə cavab verdilər ki, qalmayıb…

Onlar qətiyyən sınmayıb, geri çəkilməyiblər amma çöldən dəstək umurlar…

Növbəti məhkəmə mayın 6-da saat 16:00-da olacaq.

Mustafa Hacıbəyli

***

“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli 2023-cü ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

2024-cü ilin mayın 30-da isə “Abzas Media”işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 2024-cü ilin avqust ayında isə “Abzas Media” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.