Tofiq Yaqublu həbsdə qaldı
Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu həbsdən buraxılmayıb. Mayın 20-də Bakı Apellyasiya Məhkəməsi onun barəsində 9 il azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.
T.Yaqubluya bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu hökmlə o, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma T.Yaqublu ittihamları qurama adlandırıb, etiraz olaraq aprelin 1-dən mayın 10-dək, 40 gün aclıq aksiyası keçirib.
Müxalifət fəalı bu iş üzrə 2023-cü il dekabrın 14-də saxlanmışdı.
O, 2020-ci il martın 22-də də tutulmuşdu. T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi.
T.Yaqublu daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.