“Ekspertiza Mərkəzi “Yelo bank”ın təsiri altında özünə qarşı rəy verib

İyunun 4-də Bakı Apelyasiya Məhkəməsində mənim evimi əlimdən almaq istəyən “Yelo bank” ilə məhkəmə çəkişməmiz davam edəcək.

Yadınızdadırsa, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən hazırlanmış ekspertiza rəyində mənim mənzilimin girov qoyulması müqabilində 2008-ci ildə dostuma verilən kreditin manatla verildiyi və artıqlaması ilə ödənildiyi göstərilmişdi. Apelyasiya Məhkəməsinin hakimi Sabit Bəhramzadə həmin rəyi əsas götürərək bizim xeyrimizə qərardad çıxarmaq əvəzinə, bankın tələbilə işi artıq 6-cı dəfə ekspertizaya qaytarmışdı.

“Yelo bank” Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə necə təsir göstəribsə, qurum nəinki mənə qarşı, hətta özünə qarşı rəy çıxarıb. Ekspertiza Mərkəzi heç bir əsaslandırmaya ehtiyac duymadan bankın iddiasını olduğu kimi təkrarlayıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi eyni iş üzrə bundan əvvəlki 14 dekabr 2023-cü il tarixli rəyində borcun manatla verildiyi və ümumi məbləğin faizlə birlikdə 40 015 AZN olduğu göstərildiyi halda, 22 aprel 2025-ci il tarixli digər rəydə isə borcun 38 990 ABŞ dollar olduğu barədə saxta rəy çıxarıb.

Bir daha deyirəm, kredit manatla verilib, müvafiq ipoteka müqaviləsi manatla tərtib edilib. Bankın tərtib etdiyi ödəniş tapşırığında (“платежка”) məbləğ manat ilə göstərilib. Vəsait təhvil alınarkən verilən qəbzdə də məbləğ manatla göstərilib. 33 500 manata qarşı banka 59 800 manat qaytarılıb. Amma “Yelo bank” verdiyi kreditdən iki qat bəhrələndiyi halda, əlavə olaraq devalvasiyadan da bəhrələnmək üçün, onun sahibinin ana dilində desək, наглым образом əlavə olaraq 40 000 dollar tələb edir.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi davamlı təsirlərdən sonra məni Marina Kulişovaların, Vasili Xamazaların ayağına verdi. Narahatam ki, iyunun 4-də Apelyasiya Məhkəməsi də bunu edə bilər.

Mən Qarabağ qazisi olsam da, hökumətdən nə mənzil, nə maşın almışam. İndi öz evimi də əlimdən almaq istəyirlər.

Bütün yaxşı insanlardan ictimai dəstək istəyirəm.

Mustafa Hacıbəyli

(Kreditin manatla verildiyini sübut edən sənədlər – ipoteka müqaviləsi, bankın tərtib etdiyi ödəniş tapşırığı və pulun təhvil verildiyi vaxt imzalanan qəbz).