Müsavat başqanından bayram təbriki
Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan xalqını Müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Sizi Müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə can sağlığı, ailə səadəti, rifah və işlərinizdə böyük uğurlar arzulayıram.
Qurban Bayramı bütün İslam aləmində olduğu kimi, xalqımız üçün də müqəddəs və dərin mənəvi dəyərlər daşıyan bayramdır. Bu bayram insanlar arasında həmrəyliyi, mərhəməti, yardımlaşmanı təşviq edir, bizi birliyə, sülhə, ədalətə və əmin-amanlığa səsləyir.
İnanıram ki, bu mübarək gündə saf niyyətlə edilən dualar Tanrı dərgahında qəbul olunacaq, xalqımızın arzularının reallaşmasına, ölkəmizin inkişafına və rifahına töhfə verəcək.
2025-ci il ikinci ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda da bayram sevinci yaşanır. Bu əziz günlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş igidlərimizin əziz xatirəsi dərin hörmət və qürurla yad olunur.
Əziz həmvətənlər!
Sizi bir daha Müqəddəs Qurban Bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bayram süfrəniz bol, eviniz ruzi-bərəkətli, ömrünüz firavan və xoşbəxt olsun! Qoy Tanrı xalqımızı və dövlətimizi qorusun!”