Arif Hacılı: “Güneyli soydaşlarımızın taleyi bu günlərdə qəbul olunan qərarlardan asılıdır”

Arif Hacılı, Müsavat Məclisinin sədri

Kanadada G 7 sammitində İranda baş verənlərlə bağlı müzakirələr aparılır.
Tramp bu mövzunun müzakirəsi üçün təcili Vaşingtona qayıdır.

Brüsseldə, Moskvada, Pekində İsrail-İran müharibəsi əsas müzakrə mövzusudur.

Münaqişə ocağından min kilometrlərlə uzaqda olan bu ölkələri müharibənin nəticələri düşündürür. Planlar qurulur. Yol xəritələri cızılır.

Ərazisində 40 milyonadək soydaşımızın yaşadığı, üstəlik 765 km. quru sərhəddimiz olan İranın taleyinin Azərbaycanı narahat etməsindən təbii nə ola bilər?

Əslində bu müharibənin nəticələrinin ən çox təsir edə biləcəyi iki ölkə Türkiyə və Azərbaycandır.

Aydın görünür ki, dünya güclərini İran ərazisində yaşayan azərbaycanlıların, türkmənlərin, afşarların və digər türklərin taleyi qətiyyən maraqlandırmır.

Əksinə, xüsusən Güney Azərbaycan torpaqlarının bir hissəsində Türkiyə və Azərbaycan üçün əbədi problemə çevrilə biləcək kürd dövlətinin yaradılması planları var.

Təəssüf ki, nə Azərbaycanda, nə də Türkiyədə bu böyük, həm də regional hadisəyə birmənalı münasibət hələ də formalaşmayıb.

Yaranmış şərait cari maraqların arxa plana keçirilərək strateji planların qurulmasını, konflikt tərəfləri ilə münasibətlərə yenidən baxılmasını tələb edir.

Bu taleyüklü məsələlər həm Azərbaycanın, həm də Türkiyənin Təhlükəsizlik Şuralarında müzakirə olunmalı, iki ölkənin yaranmış vəziyyətlə, hadisələrin inkişafının mümkün senariləri ilə bağlı vahid strateji xətti müəyyənləşməli, hadisələrin hər hansı inkişafına hazırlıq görülməlidir.

Azərbaycan hakimiyyətinin həll etməli olduğu məsələlərdən biri də güneyli soydaşlarımızın bir çox ölkələrdə yaratdığı siyasi təşkilatların bir araya gətirilməsidir.

Bu təşkilatların liderlərinin Bakıda və ya Avropa şəhərlərindən birində toplantısının təşkil olunması, həmin təşkilatların fəaliyyətinin koordinasiyası vacib və dərhal həyata keçirilməli olan məsələlərdəndir.

Nəzərə almalıyıq ki, İranda yaşayan on milyonlarla soydaşımızla yanaşı, həm də mənsub olduğumuz regionun taleyində mühüm rol oynayacağı şübhəsiz olan bu müharibədən əzilmiş, yoxsa güclənmiş çıxmağımız, xeyli dərəcədə bu günlərdə qəbul edilən qərarlardan asılı olacaq.