“Ağalarov qanunu”na Arif Hacılıdan etiraz

Milli Məclis Azərbaycanda avtoritar idarəçilik dövrünün tarixinə yazılacaq qanun qəbul edib.

Bu qanun nəinki Emin Ağalarova kazino açmaq hüququ verir, həm də “Xəzərdə süni torpaq sahəsi”şərti ilə başqalarını belə hüquqdan məhrum etmək məqsədi daşıyır.

Bu baxımdan yeni qanunu “kazino qanunu” yox, “Ağalarov qanunu”
adlandırmaq daha düzgün olardı.

Təbii ki, bunları indiki hüqiqi nihilizm şəraitində qanundan kənar, administrativ qaydada da həll edə bilərdilər. Yəqin düşünüblər ki, nəzarətdə əmrə müntəzir Milli Məclis var ikən niyə də qanunla olmasın?!

Onsuz da məhdud bir qrupun nəzarəti altında olan Azərbaycan biznesinin, başqa ölkənin vətəndaşı olduğu deyilən, hətta indiyədək dilimizi belə öyrənməyi lazım bilməmiş, ortabab bir müğənninin maraqlarına uyğunlaşdırılması şəxsi maraqların dövlət maraqlarından üstün tutulması ilə yanaşı, həm də hakimiyyətin cəmiyyətə qarşı saymazlığının daha bir göstəricisidir.

Yazı Müsavat Məclisinin sədri Arif Hacılının feysbuk səhifəsindən götürülüb