Zelenskini devirmək planı

Mustafa Hacıbəyli

Rusiya hökmdarı Vladimir Putinin “ərazi mübadiləsi” adlandırdığı təşəbbüsün məqsədi müharibəni dayandırmaq yox, əksinə, prezident Volodimir Zelenskini devirmək, ölkədə xaos yaratmaq, bütün Ukraynanı işğal etməkdir.

Putin, danışıqlara başlamadan və atəşi dayandırmadan əvvəl şərt qoyur ki, Donetsk vilayətinin bütün ərazisi Rusiyaya təslim edilsin. Hazırda Donetskin təqribən 25 faizi Ukraynanın nəzarətindədir.

Həmin ərazini tutmaq, həmin istehkamları işğal etmək üçün Rusiya 2014-cü ildən bu yana 11 ildən çoxdur mübarizə aparır, amma bacarmır. Həmin ərazini müdafiə etmək üçün Ukraynanın minlərlə igid əsgəri canını verib. İndi Zelenski bu əraziləri necə təslim etsin?

Putinin məkrli planı bundan ibarətdir ki, əgər Zelenski Donetsk vilayətinin qalan ərazilərini Rusiyaya təslim etsə, o, Ukraynada xəyanətkar olaraq devriləcək. Yox, geri çəkilməsə, onu sülhə qarşı çıxıb öz xalqını güdaza verməkdə günahlandıracaqlar.

Ən dəhşətlisi odur ki, ABS prezidenti Donald Tramp da faktiki olaraq Putinin bu məkrli planına dəstək verir. Zelenski, srağagün demişdi ki, Ukrayna konstitusiyasına əsasən, onun hansısa ərazini təslim etmək səlahiyyəti yoxdur. Tramp buna əsəbi şəkildə reaksiya verib. Qəzəblə deyib ki, “konstitusiya Zelenskiyə müharıbəni başlamaq və çox sayda insanların qanını tökmək səlahiyyəti verib, amma ərazi dəyişmək səlahiyyətləri verməyib”.

Tramp Zelenskiyə nifrətini gizlədə bilmir. Digər tərəfdən o, Kremlin yalan məlumatlarının propaqandaçısına çevrilib. Bəzən hətta anti-ukrayna təbliğatında rəsmi Moskvanı üstələyir. Yadınızdadırsa, ABŞ prezidenti Kursk vilayətində minlərlə Ukrayna əsgərinin mühasirəyə düşdüyünü, Putindən onların öldürülmədən sadəcə həbsini xahiş etdiyini söyləmişdi. Sonradan məlum oldu ki, həmin dövrdə Kurskda heç bir Ukrayna əsgəri də əsir düşməyib.

Dünən Tramp deyib ki, Ukraynada əhalinin 88 faizi Rusiya ilə sülh istəyir. Bu rəqəmləri haradan götürdüyü heç kimə məlum deyil. Ardınca deyib ki, Ukrayna ordusunda 60 yaşlı qocaları ön cəbhəyə səfərbər etməyə başlayıblar, belə bir fakt da kimsəyə məlum deyil.

Bir çoxları Trampı qeyri-ardıcıl, gözlənilməz addımlar atan siyasətçi kimi qəbul edir. Amma mən onun davranışında indiyə qədər prinsipial məsələlərdə hər hansı bir gözlənilməz addıma rast gəlməmişəm: hər zaman demokratiyaya və demokratlara qarşıdır; diktatorlara, xüsusən uzun illər hakimiyyətdə qalanlara rəğbəti var; hər bir məsələdə dünya siyasətinə bir alver kimi baxır.

Dünən Tramp deyib ki, Rusiyanın işğalında olan Ukrayna ərazilərinin xeyli hissəsi “okean sahilində” olduğu üçün (Qara Dəniz ilə okeanı səhv salıb) əmlak olaraq daha qiymətlidir. Yəni bütün normal insanlar işgal olunmuş ərazilərə beynəlxalq hüquq, onun uğrunda tökülən qanlar, hərbi və ya siyasi əhəmiyyət baxımından qiymət verir. Alverçi xislətindən yaxa qurtara bilməyən Tramp isə işgal olunmuş əraziləri də daşınmaz əmlak kimi qiymətləndirir.

Bu qədər pulgir adamın dünyanın ən zəngin diktatorlarını təbliğ etməsi təsadüf deyil.

Trampın davranışları onu göstərir ki, bəşər tarixi görünməmiş xəyanətlə üzləşib. Dünya demokratiyasının beşiyi sayılan ABŞ-ın prezidenti, dünya tarixinin ən irticaçı dövləti və onun qanlı diktatorunun marionetkasına çevrilib.

Avqustun 15-də Alyaskada Trampın Putinlə görüşü də, dünya tarixinə separat görüş kimi düşəcək…

Nə yaxşı ki, Ukrayna xalqının iradəsinə güvənən Zelenski təslim olmur. Nə yaxşı ki, Ukrayna xalqı Avropanın olduqca məhdud köməyi müqabilində faktiki olaraq Rusiya, İran, Şimali Koreya və Tramp administrasiyasına qarşı ruhdan düşmədən fədakar mübarizə aparır.

Dünyada haqq-ədaləti və beynəlxalq hüququ Putin tiraniyasından yalnız prinsipial mövqe xilas edə bilər.

Rusiyanın Azərbaycana növbəti dəfə hücum edib-etməyəcəyi də Ukrayna xalqının dirənişindən asılıdır.

Slava Ukrainï!