“Yelo bank” Rusiya vətəndaşına məxsusdur – Fakt
Mustafa Hacıbəyli
“Yelo bank”ın nümayəndələri bu bankın Rusiyaya məxsus olduğunu inkar edirdilər. Amma bu günlərdə dostlardan biri mənə təkzibedilməz fakt göndərib.
Sənəddən görünür ki, bankın 98,91 faiz səhm paketinə sahib olan Marina Kulişova Rusiya vətəndaşıdır.
Maraqlıdır ki, “fərdi sahibkar” statusu ilə Rusiya vergi ödəyicilərinin reyestrində qeydiyyatda olan Marina Kulişova 2022-ci ilin avqustun 11-də öz VÖEN hesabını bağlatdırıb. Bundan bir gün sonra – 12 avqust 2022-ci ildə Marina Kulişova “Yelo bank”ın (keçmis “Nikoyl”) səhmlərinin əksəriyyətini əldə edib. Ondan əvvəl bankın səhm paketi Rusiyalı milyarder Vaqit Ələkbərova məxsus olub. Çox güman ki, 380 milyonluq bankın səhmlərini almaqdan bir gün əvvəl Marina Kulişovanın vergi hesabının bağlanması bankın çoxsaylı vergi fırıldaqlarından biridir.
Yada salım ki, 2008-ci ildə yaxın dostum mənim evimi girov qoyaraq “Nikoyl” bankdan ipoteka müqaviləsi ilə 33 min manat kredit götürüb, sonra banka 60 min manata yaxın pul ödəyib. Auditor Palatasının rəsmi rəyində borcun artıqlaması ilə ödənildiyi təsdiqlənib. Lakin bank manatla verdiyi krediti devalvasiyadan sonra dollarla geri almaq niyyətinə düşüb və məhkəməyə iddia qaldırıb. Məhkəmə prosesi dörd ilə yaxındır davam edir. Həqiqət mənim tərəfimdə, güc bankın tərəfindədir. Məhkəmə barışıq təklif etsə də, bank evimi əlimdən almaq üçün dirəniş göstərir.
Məhkəmənin növbəti iclası avqustun 27-də saat 9:20-də Bakı Apelyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə keçiriləcək.
Bank Rusiya vətəndaşına məxsus olduğu üçün yox, mənə qarşı iddiası əsassız olduğu üçün bütün yaxşı insanlardan bu məsələdə içtimai dəstək istəyirəm.