Məhkəmədə Aytac Tapdığa fiziki zorakılıq olduğu bildirilir
Həbsdə olan “Meydan TV” jurnalisti Aytac Tapdığın (Əhmədova) Bakı Apellyasiya Məhkəməsində fiziki zorakılığa məruz qaldığı bildirilir.
Bu barədə heyvan haqları fəalı Kamran Məmmədli sosial mediada məlumat verib.
Onun dediyinə görə, sentyabrın 26-da Bakı Apelyasiya Məhkəməsinə gətirilərkən jurnalist məhkəmənin koridorunda həmkarlarını görərək onları səsləyib.
“Bu zaman Cəmil Hüseynov adlı konvoy rəisi onu uzun koridor boyunca zorakılıqla itələyərək saxlanma məntəqəsinə aparıb və məntəqəyə çatdıqda onu sürətli formada hər tərəfində kişi məhbusların oturduğu otağın ortasına itələyib”, – o qeyd edib.
Məhkəmə prosesi isə A.Tapdıqla K.Məmmədlinin nikaha girmək haqqında şikayəti ilə bağlı olub. Birinci instansiya məhkəməsi onların bu barədə istəyini təmin etməyib.
K.Məmmədli bildirib ki, Apellyasiya Məhkəməsi onların şikayətini qismən təmin edib və iş baxılması üçün Xətai Rayon Məhkəməsinə geri göndərilib.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, “Meydan TV” ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa (Ağayev), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.