Müsəlmanın sonrakı ağlı
Xəqani Cəfərli
Terror təşkilatı HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı həyata keçirdiyi qanlı terrorun fəlakətli səhv olduğu hadisənin baş verdiyi andan aydın olsa da, müsəlman toplumlarının bəziləri bunu yeni anlamağa başlayır. Bəziləri isə bu gerçəkliyi hələ də başa düşməyib və belə görünür ki, bundan sonra da başa düşməyəcək.
İranın dini lideri Əli Xamneiyə yaxın şəxslərdən olan Masih Mohacerinin rəhbərlik etdiyi “Jomhouri Eslami” qəzeti HƏMAS-ın “Əl-Əqsa Tufanı” adı verdiyi əməliyyatın səhv olduğunu etiraf edib: “Biz bunu ilk andan anladıq və bu gün, iki ildən çox vaxt keçdikdən sonra buna tamamilə əmin olduq”.
Məqalədə 7 oktyabr 2023-cü ildən ötən iki il ərzində İran və onun müttəfiqlərinin itkiləri sadalanır. Tam olmayan bu siyahıya Qəzza zolağında dağıntılar, Hizbullahın məğlubiyyəti və Həsən Nəsrullahın öldürülməsi, Husilər arasında ciddi itkilər, Suriyada rejim dəyişikliyi, iranlı generalların və nüvə fiziklərinin ölümləri daxil edilib. Məqalədə İsrailin də ağır itkilər verdiyi ifadə olunur. Lakin ağlı başında olan hər kəs bilir ki, məqalə müəllifləri bu məqamı əlavə etməklə özlərini “sığortalamağa” çalışıblar.
Məqalədə haqlı olaraq İsrailin hərb yolu ilə tam əldə edə bilmədiklərinin razılaşma ilə əldə edəcəyinə də işarə vurulub.
Misirin kurort şəhəri Şarm əş-Şeyxdə 20 dövlət və hökumət başçısının iştirakı ilə keçirilən Yaxın Şərq Sülh Sammitində imzalanan saziş İran və HƏMAS-ın məğlubiyyətinin tamamlanması, HƏMAS-ın arxasındakı dövlətlərin diplomatik uğursuzluğudur. Amerikan diplomatiyasının çox böyük ustalıqla tərtib etdiyi sazişin altında diplomatik məğlubiyyətlə üzləşdiyini hələ də anlamayan iki dövlətin imzası var.
İran “Əl-Əqsa Tufanı”nın fəlakətli səhv olduğunu iki il sonra anlamağa başladığı kimi, Qəzzada yekun atəşkəs sazişi imzalayan dövlətlərdən ikisi böyük bir diplomatik məğlubiyyətə məruz qaldıqlarını anlamayıblar. Onların bunu anlamasına nə qədər tarixi zaman olduğunu söyləmək çətindir. Çünki, İrandan fərqli olaraq onlar HƏMAS-ın 7 oktyabr 2023-cü ildə keçirdiyi qanlı terror aktının necə böyük fəlakətli səhv olduğunu bu günə kimi anlamayıblar. “Müsəlmanın sonrakı ağlı” məntiqi İranda heç olmasa iki il sonra işləyir, bəzi ölkələrdə isə buna on illiklər lazım olduğu aydın görünür. Bəzən isə “Müsəlmanın sonrakı ağlı” işə düşməsi üçün bir neçə yüz il vaxt lazım olur. Çox acıdır, amma gerçəklik bundan ibarətdir.