Hafiz Həsənovun məhkəməsi başlayıb

“QHT işi” üzrə ittiham olunanlardan biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayıb.

Bu gün, oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

H.Həsənov ittihamla razılaşmayıb və işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb. Deyib ki, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və maliyyə mənbələri şəffaf olub. Onun sözlərinə görə, haradan vəsait gəldiyi, hara xərcləndiyi – hamısı sənədlərdə açıq şəkildə göstərilib. H.Həsənovun əlavə etməsinə görə, ittihamları təsdiqləyən heç bir fakt, dəlil yoxdur.

Vəsatət təmin edilməyib və cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin olunub.

H.Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan o, polis nəzarətinə verilib.

“QHT işi” üzrə ittiham olunanlardan H.Həsənovdan başqa daha bir neçə şəxsin də hazırda məhkəməsi gedir.

Qubad İbadoğlunun qardaşına ittiham aktı elan edilib

İqtisadçı Qubad İbadoğlunun qardaşı, “QHT işi” üzrə ittiham olunanlardan biri – İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramovun (Toğrul) cinayət işi üzrə məhkəmənin baxış iclası olub.

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Q.Bayramov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti proses noyabrın 5-nə təyin edilib.

Q.Bayramov haqqında istintaq dövrü üçün polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Məhkəmə bu qətimkan tədbirinin məhkəmə sürən müddətdə də qüvvədə saxlanmasına qərar verib.

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri – hökumət təşkilatları (QHT) ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Onlardan bəzilərinin təmsilçiləri hazırda həbsdədir. Həmin şəxslərə qarşı Cinayət Məcəlləsinin 193-1.2.2-ci, 193-1.2.3-cü və 193-1.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı təkrar leqallaşdırma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Təqsirləndirilən QHT təmsilçilərinin hamısı ittihamları qəbul etmirlər.

Xatırlatma

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində QHT-lərlə bağlı cinayət işi əslində 2014-cü ilin yayında başlanıb, ardından da ölkədə bir sıra təşkilat rəhbəri həbs edilmişdi.

Təşkilat rəhbərlərinin həbsinin ardından ölkədə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə xeyli əlavə və dəyişiklik edilib. Beynəlxalq təşkilatlar, o cümlədən Venesiya Komissiyası həmin dəyişiklikləri tənqid edərək təşkilatların fəaliyyətini məhdudlaşdırmağa hesablandığını vurğulayıb. Sonradan həmin cinayət işinin dayandırıldığı açıqlanmışdı. Bu ildən “QHT işi” ilə bağlı yenidən həbslərin başladığı bildirilir.

Bir sıra yerli hüquq-müdafiə təşkilatlarının hesabatına görə, hazırda Azərbaycan həbsxanalarında 392 siyasi məhbus var. Onların 7-nin hüquq müdafiəçisi, 39-nun isə müxalif partiya və vətəndaş cəmiyyətinin üzvləri olduğu deyilir. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onların məhz törətdikləri əmələ görə mühakimə olunduqlarını vurğulayırlar.

Qubad İbadoğlu 2023-cü ildə saxta pul və qiymətli kağızlar hazırlama ittihamı ilə həbs edilib. Ötən il aprelin 22-də isə ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Q.İbadoğlu da ittihamı qəbul etmir.

AzadlıqRadiosu