Andrey Yermakın evində axtarış aparılır – KİV
Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları Kiyevdəki hökumət binasında, prezident ofisinin rəhbəri Andrey Yermakın evində axtarış aparırlar. Bu barədə “Ukrainska Pravda” qəzeti hadisə yerindən olan müxbirə istinadən məlumat verir.
Müxbirin sözlərinə görə, hökumət binasına təxminən 10 NABU və SAP əməkdaşı daxil olub.
Ali Radanın deputatları Yaroslav Jeleznyak və Oleksiy Qonçarenko da Yermakın evində axtarışlar aparıldığını bildiriblər.
Bu məlumatın rəsmi təsdiqi yoxdur.
25 noyabrda NABU Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovu “Energoatom”dakı korrupsiya işi ilə əlaqədar dindirib. O, şahid qismində çağırılıb.
Noyabrın əvvəlində NABU ölkənin bütün nüvə elektrik stansiyalarını idarə edən “Energoatom” şirkətində irimiqyaslı mənimsəmənin aşkarlandığını elan edib. Zelenskinin keçmiş dostu Timur Mindıç sxemin arxasında duran şəxs kimi müəyyən edilib. “Ukrainska Pravda” qəzeti Mindıçın korrupsiya işi üzrə axtarışlardan bir neçə saat əvvəl İsrailə getdiyini (o, İsrail vətəndaşlığına malikdir) bildirib.

