Gültəkin Hacıbəyli Türkiyə hakimiyyətinə müraciət etdi
Dostlar, hazırda İstanbulda Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılıram. Bildirirəm ki, noyabrın 29-da gecə saatlarında kirayə qaldığım evə gəlmiş 4 polis əməkdaşı məni məcburi qaydada, heç bir hüquqi əsası olmadan bu mərkəzə gətiriblər. Xatırladım ki, mən sentyabr ayının 25-də Türkiyədə təhsil alan oğlumun yanına gəlmişəm və Türkiyədə qalmaq üçün nəzərdə tutulan 3 aylıq müddət hələ bitməyib. Bundan əlavə, mənim ayrıca Türkiyədə qalmaq üçün 2 illik oturum iznim var. Və burada olduğum müddətdə heç bir qayda pozuntusuna yol verməmişəm.
Hazırda məni Türkiyədən qanunsuz və əsassız şəkildə deportasiya edib Azərbaycana göndərməkdən ötrü barəmdə ictimai təhlükəsizliyə təhdid yaradan (“kamu güvenliğine tehlike yaratan”) xarici terrorçulara verilən G-82 maddəsi tətbiq edilərək burada saxlayırlar və Azərbaycana təhvil verilməm üçün hazırlıq işləri gedir.
Bildirirəm ki, bununla bağlı təcili qaydada artıq Avropa Məhkəməsinə müraciət edilib. Eyni zamanda, vəkilim vasitəsilə ən qısa zamanda Türkiyədə məhkəməyə də müraciət ediləcək.
Mən buradan Türkiyə hakimiyyətinə müraciət edirəm ki, Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd belə bir qanunsuz qərar qəbul etməkdən çəkinin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən millət vəkili olmuşam, Azərbaycan müxalifətinin liderlərindən biri kimi hər zaman demokratik, dinc və sivil mübarizə tərəfdarı olmuşam. Bir daha bildirirəm ki, bu günə qədər siyasi fəaliyyətimdə hər hansı qanun pozuntusuna yol verməmişəm və bu gün Azərbaycan hakimiyyətinin təzyiqlərinə görə məni heç bir əsas olmadan G-82 maddəsi ilə “xarici terrorçu” kimi Türkiyədən deportasiya etmək yolverilməzdir. Mənim siyasi fəaliyyətimdə hər zaman Azərbaycan–Türkiyə dostluğunu və qardaşlığını təbliğ etmək xüsusi yer tutub və ona görə də indi Türkiyə hakimiyyətinin belə bir addım atacağına heç cür inanmaq istəmirəm.
Əgər bu baş verərsə, məsələ təkcə mənə qarşı haqsızlıq olmayacaq, bu, həm də Azərbaycan müxalifətinə qarşı bu gün həyata keçirilən repressiyalara Türkiyə hakimiyyəti tərəfindən dəstək vermək anlamına gələcək.
Sonda onu da vurğulayım ki, mən Azərbaycana deportasiya ediləcəyim halda saxta ittihamla şərlənib həbs olunacağam və ona görə də Türkiyə hakimiyyətini belə bir addım atmazdan öncə bir daha düşünməyə çağırıram.
Yazı Gültəkin Hacıbəylinin feysbuk səhifəsindən götürülüb

