Azərbaycanda benzin və dizel bahalaşdı

Azərbaycanda Aİ 92 markalı benzinin və dizel yanacağının qiyməti yanvarın 1-dən etibarən artır.

Bu barədə Tarif Şurası dekabrın 30-da məlumat yayıb.

Qurumun rəsmi saytında qeyd olunub ki, yanvarın 1-dən etibarən, Aİ-92 benzininin qiyməti 5 qəpik, dizel yanacağı isə 10 qəpik artır.

Yəni hazırda 1 litri üçün pərakəndə satış qiyməti 1 manat 10 qəpik olan Aİ-92 benzini 1 manat 15 qəpik olur. Dizel yanacağının qiyməti isə 1 manat 10 qəpik olur.

Tarif Şurası qiymət artımını benzin və dizel yanacağına görə yol vergisinin yeni dərəcələri ilə izah edib.

Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, yol vergisi artaraq, yanacağın bir litrinə görə 7 qəpik müəyyən olunub.

Azərbaycanda Aİ-92 benzininin və dizel yanacağının qiyməti sonuncu dəfə 2024-cü ilin iyulunda artırılmışdı.

Həmin vaxt bu yanacaq növlərinin qiyməti müvafiq olaraq 10 və 20 qəpik artırılmışdı.

Həmin vaxt Tarif Şurası qiymət artımını ekoloji səbəblərlə izah etmişdi.

Ümumiyyətlə son 5 ildə ölkədə Aİ 92 benzinin qiyməti 28 faiz, dizelin qiyməti isə 83 faiz bahalaşıb.