İranda iqtisadi vəziyyətə görə kütləvi etirazlar

İranda üçüncü gündür ki, ölkədəki ağır iqtisadi vəziyyət səbəbindən kütləvi etirazlar davam edir. Etirazçılar artıq siyasi şüarlar da səsləndirirlər. Ölkə prezidenti dialoqa hazır olduğunu bildirib.

İranın paytaxtı Tehranda və digər iri şəhərlərində bazar günü, 28 dekabrdan etibarən kütləvi etirazlar davam edir. Etirazların başlanmasına təkan verən əsas səbəb ölkədəki çətin iqtisadi vəziyyətdir. Bu barədə çərşənbə axşamı, 30 dekabrda bir neçə informasiya agentliyi eyni vaxtda xəbər verib. Onların məlumatına görə, Tehranda və İsfahanda iri universitetlərin tələbələri də etirazlara qoşulub.
Etirazçılarla polis arasında artıq “xırda” toqquşmalar baş verib; hüquq-mühafizə orqanları kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

dpa agentliyi bildirir ki, etirazlar siyasi xarakter alıb. Nümayişçilər arasında “Diktatora ölüm” və “Yaşasın kral” kimi şüarlar səslənir. Birinci şüar İranın ali (dini) lideri ayətullah Əli Xameneiyə aid ola bilər. İkincisi isə, ehtimal ki, 1978–1979-cu illər İslam inqilabı nəticəsində devrilmiş monarxiyanın bərpasına çağırışdır.

İran prezidenti Məsud Pezeşkian 30 dekabrda bildirib ki, etirazçıların nümayəndələri ilə dialoqa başlamaq və onların “qanuni tələblərini dinləmək” üçün daxili işlər nazirinə tapşırıq verib. Bu, “hökumətin problemlərin həlli üçün bütün imkanlarını səfərbər etməsi və məsuliyyətlə davranması” üçün lazımdır, — deyə o, X sosial şəbəkəsindəki hesabında yazıb.

AFP qeyd edir ki, nümayişlər bazar günü, 28 dekabrda Tehranın əsas bazarında başlayıb. Burada əvvəlcə mobil telefon, sonra isə digər mallarla ticarət edən mağaza sahibləri hiperinflasiya və milli valyutanın devalvasiyası nəticəsində qiymətlərin kəskin dəyişməsinə etiraz olaraq ticarət obyektlərini bağlayıblar. Bu amillər ilk növbədə idxal malları ilə məşğul olan tacirlərə zərbə vurur.

29 dekabrda rial kəskin ucuzlaşıb – açıq valyuta bazarında 1 ABŞ dolları üçün təxminən 1,4 milyon rial səviyyəsinə enərək yeni rekord minimuma düşüb. Bu fonda İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin istefa verib.

Xatarladaq ki, İran iqtisadiyyatı yüksək inflyasiya və hökumətin nüvə proqramı ilə əlaqədar Qərb sanksiyalarının təzyiqi altındadır. Prezident Pezeşkian bu yaxınlarda inflyasiya və yüksək yaşayış xərcləri ilə mübarizə aparacağına söz verib.