Azərbaycanda siyasi məhbusların sayı azalıb, amma…
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi ölkədə siyasi məhbus sayılan şəxslərin yeni siyahısını açıqlayıb. Siyahıda 12 qrup üzrə 340 nəfərin adı var.
Qurumun ötən ilin oktyabrında bundan əvvəlki son siyahısında 392 şəxsin adı yer alırdı.
Siyahıda azalma hazırda icra edilən Amnistiya Aktı ilə bağlıdır. Dindar kəsimdən narkotik ittihamı ilə həbs edilən 50-dən çox şəxs azadlığa qovuşub.
Habelə, ötən ilin noyabrında “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov 2 illik, hüquq müdafiəçisi Fikrət Cəfərli isə 4 aylıq həbsini tam başa vuraraq azadlığa çıxıb.
Həmçinin, dekabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimli həbsxanada vəfat edib.
Amnistiya aktına hələlik müxalifətçilərdən, ictimai fəallar və jurnalistlərdən düşən olmayıb.
Son siyahıda qruplar belədir:
“Dindarlar- 192 nəfər
Müxalifət partiyaları və vətəndaş cəmiyyəti üzvləri – 45 nəfər
Jurnalistlər və bloqerlər – 31 nəfər
İnsan hüquqları müdafiəçiləri – 8 nəfər
Avropadan deportasiya olunan siyasi mühacirlər – 6 nəfər
Milli azlıqların fəalları – 5 nəfər
Müharibə əleyhinə fəallar – 2 nəfər
Söyüdlü kəndi üzrə iş (Ekologiya məhbusları) – 2 nəfər
…”
Siyahıda müxalifətçilərin sayında artım var
Son siyahıda müxalifətçilərin sayında isə artım var. Ötən ilin noyabrında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və həmin partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə həbs ediliblər. Müxalifətçilərdən başqa həbs edilənlər də olub.
Bu siyahıya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı yoxdur. Başqa təşkilatların hazırladığı siyahılarda isə, əsasən, daha az məhbus yer alır.
Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların azad olunmasına çağırışlar edir.
Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edir. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.
AzadlıqRadiosu

