Vens gələn həftə Azərbaycana gələcək – AP

ABŞ-ın vitse-prezidenti Cey Di Vens 2026-cı il Qış Olimpiya Oyunlarının açılışı üçün İtaliyaya yola düşüb. Onun daha sonra Ermənistana və Azərbaycana səfər edəcəyi, ötən il Ağ evdə əldə olunmuş sülh razılaşmasına dəstək ifadə edəcəyi gözlənilir.

“The Associated Press” yazır ki, bir həftə çəkəcək səyahət Vensin bu il azsaylı beynəlxalq səfərlərindən biri ola bilər. Prezident Donald Tramp və hökumət üzvləri noyabrda Konqresə aralıq seçkilərdən dolayı daha çox daxili məsələlərə, daxili səfərlərə fokuslanırlar.

İtaliyada açılış mərasiminə vitse-prezidentin xanımı Uşa Vens, dövlət katibi Marko Rubio, ABŞ-nin İtaliyada səfiri Tilman Fertitta da qatılacaq.

Agentlik qeyd edir ki, Tramp Vensə Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam etmiş münaqişəni bitirəcək sazişi möhkəmləndirməyi tapşırıb.

Sülh razılaşması Vaşinqtonun regiondakı mövqeyini gücləndirir, bu arada Rusiyanın nüfuzunun azaldığı bildirilir.

Bakı və Yerevan Vaşinqtonda sülh sazişini paraflayıblar. Onlar əsas nəqliyyat marşrutlarını açmağa, ABŞ ilə enerji, texnologiya və iqtisadiyyat sahəsində əməkdaşlığı gücləndirməyə razılaşıblar. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə Azərbaycanı Naxçıvan eksklavı ilə Ermənistan ərazisindən keçməklə birləşdirəcək.

AzadlıqRadiosu