İranda “ABŞ və İsrailə xidmət edən silahlı dəstələr” varmış – Tehranın etirafı

İranın bir neçə vilayətində ABŞ və İsrailin maraqlarına xidmət etməkdə günahlandırılan şəxslər zərərsizləşdirilib.

Bu haqda IRNA agentliyi İranın Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Mazandaran, Xuzistan və Xorasan-Rəzəvi vilayətlərində xarici sponsor tərəfindən dəstəklənən silahlı muzdlu qruplara qarşı qabaqlayıcı əməliyyatlar keçirilib və onların özəkləri dağıdılıb.

Nazirlik şənbə günü bildirib ki, Mazandaran vilayətinin sakinlərindən daxil olan məlumat əsasında “ABŞ-sionist düşməni” ilə əlaqəli 10 nəfərlik terror şəbəkəsi aşkar edilərək həbs olunub.

Məlumata  görə, saxlanılan muzdlu şəxslər daha əvvəl hüquq-mühafizə orqanlarına hücum ediblər və İranın şimalındakı şəhərlərində dövlət əleyhinə fəaliyyəti davam etmək üçün hazır vəziyyətdə olublar.

Məlumatda həmçinin qeyd olunur ki,  Xorasan-Rəzəvi vilayətində də xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində ABŞ-sionist casuslarından ibarət daha bir 10 nəfərlik qrup saxlanılıb.

Bildirilir ki, bu “düşmən özəyinin xarici düşmən mediası ilə əlaqələri olub və üzvləri hərbi obyektlərin, elmi-tədqiqat mərkəzlərinin və iqtisadi infrastrukturun yerləşməsi barədə məlumatları təcavüzkar tərəfə ötürüblər”.

Bəyanatın sonunda qeyd olunur ki, Xuzistan vilayətində xarici muzdlu şəxslərdən göstəriş alan üç nəfərlik terror qrupu da həbs edilib.

Həmin qrup şəhərdə qorxu və panika yaratmaqda, mühafizəçilərə hücum etməkdə, həmçinin Xuzistan qubernatorluğu da daxil olmaqla bir neçə dövlət və ictimai obyektə ziyan vurmaqda ittiham olunur. Onlardan iki avtomat silah və bir neçə patron aşkar edilib.