“Dövlətlərimiz buna hazır olmalıdır” – Müsavat Məclisinin bəyanatı

Aprelin 4-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib. Sessiyada bölgədəki müharibə ilə bağlı bəyanat qəbul edilib.

Sənəddə deyilir:

“Bölgəmizdə müharibə ilə bağlı Müsavat Partiyasının

Bəyanatı

Bir aydan artıqdır ki, ABŞ və İsrail ilə İran arasında hərbi qarşıdurma davam edir. Qarşılıqlı raket, hərbi təyyarə və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar minlərlə insanın, o cümlədən dinc əhalinin həlak olmasına, hərbi obyektlərlə yanaşı mülki infrastrukturun da ciddi şəkildə dağıdılmasına, regionda dərin humanitar böhranın yaranmasına və qlobal iqtisadi sabitliyin pozulmasına səbəb olmuşdur.

Müsavat Partiyası baş verən prosesləri diqqətlə izləyir və aşağıdakı prinsiplərin əsas götürülməsini zəruri hesab edir:

1. Atəşkəs və sülh

Tərəflər dərhal hərbi əməliyyatları dayandırmalı, atəşkəs elan edilməli və regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində konkret addımlar atılmalıdır.

2. Beynəlxalq hüquq

Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq yalnız siyasi və diplomatik vasitələrlə həyata keçirilməlidir. Bunun üçün təcili və nəticəyönümlü danışıqlara başlanılması vacibdir.

3. Xalqların iradəsi və demokratik gələcək

İranda baş verə biləcək hər hansı siyasi transformasiya bir diktaturanın digər diktatura ilə əvəz olunmasına deyil, ölkə vətəndaşlarının azad iradəsinə əsaslanmalıdır. İran xalqının demokratik, hüquqi və azad cəmiyyət qurmaq haqqı təmin olunmalıdır.

4. Güney azərbaycanlıların təhlükəsizliyi

İranda yaşayan on milyonlarla azərbaycanlının təhlükəsizliyi, fundamental hüquq və azadlıqları beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməli və onların həyatına yönəlmiş hər hansı təhlükənin qarşısı alınmalıdır.

5. Regional təhlükəsizlik və milli maraqlar

Azərbaycan və Türkiyə dövlətləri regionda sülhün və sabitliyin qorunması istiqamətində səylərini davam etdirməklə yanaşı, aşağıdakı hallara hazır olmalıdırlar:

-İranda etnik zəmində qarşıdurmaların yaranması;

-rəsmi Tehranın güneyli soydaşlarımızın təhlükəsizliyini təmin edə bilməməsi;

-Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin sərhədlərinə və milli təhlükəsizliyinə real təhdidlərin formalaşması.

Belə hallarda dövlətlərimiz beynəlxalq hüquqa uyğun şəkildə milli maraqların və təhlükəsizliyin təmin edilməsi üçün zəruri və adekvat tədbirlər görməlidir”.