Müsavat Divanının gündəliyi
Aprelin 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Divan üzvü Mirbaba Babayev siyasi məhbus Azər Qasımlının işi üzrə apelyasiya məhkəməsi haqda məlumat verib.
Daha sonra ölkədə və dünyada gedən son proseslər müzakirə edilib.
ABŞ ilə İran arasında başlanan sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb. Pakistanda keçirilən danışıqların nəticə vermədiyi təəssüflə qeyd edilib. Müsavat Partiyası hesab edir ki, bütün mübahisəli məsələlərin danışıq yolu ilə həlli istiqamətində səylər davam etdirilməlidir.
Macarıstanda keçirilən son parlament seçkilərində demokratik qüvvələrin qələbəsi müsbət qiymətləndirilib. Bildirilib ki, macar xalqının azad iradəsi sayəsində ortaya çıxan bu nəticələr bütün dünyada populist və qeyri-demokratik rejimlər üçün bir zərbə olacaq, həmçinin Rusiya işğalçılarına qarşı fədakar mübarizə aparan Ukraynaya Avropa İttifaqının dəstəyinin artmasına təkan verəcək.
ABŞ-İran müharibəsi fonunda Ukrayna prezidenti Volodimir Zelenskinin region dövlətlərinə, o cümlədən Türkiyəyə işgüzar səfərlərinin əhəmiyyəti təhlil edilib.
Sonda cari məsələlər müzakirə olunub.

