Müsavat Divanının gündəliyi
Aprelin 20-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə qərarların icrası və rayon təşkilatlarında keçirilən iclaslar barədə məlumat dinlənilib.
Divan üzvü Mirbaba Babayev “Toplum TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib.
Siyasi məhbus Azər Qasımlının xanımı, jurnalist Samirə Qasımlının xüsusi ittiham qaydasında məhkəməyə verilməsi və onun ölkədən çıxışına məhdudiyyət qoyulması pislənilib, ölkədə insan hüquqlarının pozulmasına son qoyulması bir daha tələb edilib.
Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib.
Hakimiyyət mediasında baş nazir Əli Əsədovun korrupsiya əməlləri və biznes imperiyası haqda məlumat dərc edilib. Bununla da Azərbaycan hakimiyyətinin korrupsiyaya uğradığı haqda demokratik ictimaiyyətin, o cümlədən Müsavat Partiyasının irəli sürdüyü ittihamlar bir daha təsdiqlənib. Bundan əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin cinayət əməlləri barədə ittihamlar irəli sürülsə də, bununla bağlı cəmiyyətə yetərli bilgi verilməyib. Müsavat Partiyası sözügedən məlumatların hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını, zəruri tədbirlər görülməsini və ictimaiyyətə açıqlanmasını tələb edir.
ABŞ ilə İran arasında qarşıdurmada mövcud vəziyyət və hadisələrin ehtimal olunan inkişafı haqda fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.

