Müsavat Divanının gündəliyi
Mayın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda qərarların icrası və görülən işlər barədə məlumat dinlənilib.
Divan üzvü Mustafa Hacılı “Meydan TV” işi üzrə məhkəmə prosesi haqda məlumat verib. Həbsdə olan jurnalistlərin sərbəst ifadəsinə imkan verilməməsi pislənilib.
Mayın 28-də saat 12:00-da Novxanıda Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə keçiriləcək bayram tədbirinə hazırlıqla əlaqədar tapşırıqların icrası dəyərləndirilib.
Daha sonra ölkədə və regionda baş verən hadisələr müzakirə edilib. Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasına qarşı məhkəmə orqanlarının və polisin artan təzyiqləri ölkədə demokratiyaya zərbə kimi qiymətləndirilib. Qeyd edilib ki, Müsavat Partiyası Türkiyədə siyasi rəqabətin dinc məcrada davam etməsinə, problemlərin inzibati resurslardan istifadə edilmədən və xalqın iradəsi ilə həll olunmasına tərəfdardır.
ABŞ ilə İran arasında gedən danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.

