Rəsmi Bakı razılaşma şərtlərinin Rusiya və Ermənistan tərəfindən pozulduğunu bəyan etməlidir
Vaqif Hacıbəyli
AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın erməni hərbi birləşmələrinin Qarabagı tərk etməli oldugu ilə baglı”Kommersant” qəzetinə verdiyi açıqlamasını qondarma Artsax respublikasının “xarici işlər nazirliyi” 9 noyabr üçtərəfli bəyanatının təhrif edilməsi və təxribat kimi dəyərləndirib. Putinin dünənki mətbuat konfransında dediklərindən də belə çıxır ki, erməni hərbi birləşmələri Qarabagı tərk etməyəcək. Azərbaycanın rəsmi dairələri isə 10 noyabr üçtərəfli bəyanatının həqiqətən təhrif edilməsinə susqunluq nümayiş etdirməkdədir.
Həmin bəyanatın son mətninə bir daha nəzər yetirməklə bəyanatın məzmununu hansı tərəfin təhrif etdiyini görmək olar.
Həmin bəyanatda deyilir:
– Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
– Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.
– Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.
– Məcburi köçkünlər və qaçqınlar BMT-nin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.
– Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
Yuxarıda qeyd olunanlarla baglı cəmiyyətimizi narahat edən əsas bir neçə məsələ var.
1. Rusiyanın bölgəyə bəyanatda nəzərdə tutuldugundan artıq texnika gətirməsi barədə Rusiyanın müdafiə nazirinin özünün açıqlaması var. Buna aydınlıq gətirilməli və artıq texnika bölgədən dərhal çıxarılmalıdı.
2. Erməni silahlı qüvvələrinin Qarabagdan çıxarılması təmin edilməlidir. Azərbaycan ərazisində “Artsax Ordusu” ola bilməz.
3. Daglıq Qarabag ərazisinə, konkret olaraq Xankəndinə azərbaycanlı qaçqınların qayıtması təmin edilməlidir.
4. Naxçıvana yolun inşası işlərinə başlanmalıdır. Əks -təqdirdə biz Laçın dəhlizi ilə əlaqədar öhdəliklərimizə yenidən baxmalıyıq.
Bu məsələlərdə Azərbaycanda hər hansı fikir ayrılıgının oldugunu düşünmürəm. Bununla əlaqədar təklif edirəm ki, prezident aparatı artıq dəfələrlə oldugu kimi, partiya və QHT-lərin birgə bəyanatını təşkil etsin və 10 noyabr bəyanatın şərtlərinin pozulmasına münasibət bildirsin. Eyni zamanda, Qazax rayonunun erməni qüvvələri tərəfindən işğal olunan ərazilərin Azərbaycana təhvil verilməsi tələbi də bu bəyanatda öz əksini tapa bilər. Çünki, İlham Əliyev 10 noyabr gecə vaxtı xalqa müraciətdə oxudugu həmin bəyanatın ilkin mətnində bu müddəa vardı.
Musavat və AXCP-nin də bu məsələdə mövqeyinin fərqli olmayacagına əminəm.
Azərbaycanı təxribatda, 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozmaqda və təhrif etməkdə günahlandıranların cavabı verilməli, əslində kimin təxribat törətdiyi beynəlxalq aləmə çatdırılmalıdı.
Basta