Sabirabad sakini Polis Şöbəsinin qarşısında özünü yandırdı

Şənbə günü saat 13 radələrində Sabirabadda yerli sakinlərdən biri Rayon Polis Şöbəsinin qarşısında intihara cəhd edib.

 

“Basta”nın əməkdaşı Azər İsmayılın verdiyi məlumata görə, 1984-cü il təvəllüdlü Elgün İbrahimov polisə verdiyi şikayətin düzgün araşdırılmamasına etiraz olaraq, üzərinə benzin tökərək özünü yandırıb.

 

Bildirilir ki, İbrahimocun həyatını xilas etmək mümkün olsa da, o, ciddi xəsarət alıb və hal hazırda xəstəxanadadır.

 

Oxu.az-ın sorğusuna cavab olaraq, DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

O bildirib ki, yanvarın 4-də rayonun Qaratəpə kəndində aralarında yaranan mübahisə ilə bağlı Elgün İbrahimov qonşusu Asim Abdullayevdən polisə şikayət edib.

 

Qonşular arasında yaranan mübahisə ilə bağlı Sabirabad RPŞ-in təhqiqat bölməsində müvafiq araşdırma aparılaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsinin qərarı ilə A.Abdullayev 15 sutka inzibati qaydada həbs olunub .

 

A.Abdullayevin inzibati xəta tərkibi yaradan əməlinin Cinayət Məcəlləsinə uyğun cəzalandırılmasını tələb edən E.İbrahimov buna etiraz olaraq, bu gün özünü yandırmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşlarının çevik müdaxiləsi ilə intiharın qarşısı alınaraq, o, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənəatbəxşdir. Hazırda müalicəsi davam etdirilir.

 

Basta