Kinorejissor Eldar Quliyev vəfat edib

Kinorejissor, ssenarist, xalq artisti Eldar Quliyev bu gün səhər saatlarında dünyasını dəyişib, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının məlumatında bildirilir.

 

“Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”, deyən rejissor 80 illik yubiley yaşında həyatla vidalaşıb.

 

İttifaqın məlumatında deyilir: “Quliyev 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb.

 

1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. İlk dəfə öz ssenarisi əsasında “Biri vardı, biri yoxdu…” adlı qısametrajlı filmini çəkib.

 

1969-cu ildə isə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmini çəkməklə kinoda özünü təsdiq edib və bəhs etdiyimiz filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin başğlanğıcını qoyub.

 

Rejissorun 1979-cu ildə quruluş verdiyi, tarixi janrda çəkilən “Babək” filmi Azərbaycan kino tarixində özünə layiq yer tutmaqla yanaşı, dünya kinoteatrlarında özünə yer edib, 52 ölkə tərəfindən alınan film dünya tamaşaçıları tərəfindən yüksək səviyyədə qarşılanıb.

 

Eldar Quliyevin yaradıcılığı genişşaxəli olmaqla yanaşı, fərqli üslubu ilə seçilir. Quruluş verdiyi filmlərin (“Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s.) hər birində insan taleyi dayanır, onun keşmişi, keçdiyi yol, həyat tərzi tamaşaçı auditoriyasına aşılanır.

 

Rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü idi. “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olub.

 

Xatırladaq ki, Eldar Quliyev 18 yanvar 2021-ci ildə infarkt keçirib, bir müddət müalicə alıb.

 

16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

 

Azərbaycan Kinematoqrafçlar İttifaqının İdarə Heyəti adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik.

 

Allah rəhmət eləsin!”.