Zəngilanda camış ferması

”İsrail Zəngilanda camış ferması tikəcək”. Bu barədə İsraildən dəvət olunmuş şirkətin əməkdaşı aprelin 26-da Prezident İlham Əliyevə məruzə edərkən deyib, Azertac yazır.

 

Şirkət nümayəndəsi bildirib ki, fermada ilkin olaraq 300-400 başlıq camış olacaq, daha sonra isə bu say 1000-ə çatdırılacaq.

 

Onun sözlərinə görə, şirkət “ağıllı fermalar üzrə texnologiya” ilə işləyir və bu, bir neçə sahədə mənfəət verəcək.

 

“Biz peyin emalı ilə də məşğul oluruq. Peyindən gübrə və bioqaz əldə edə bilirik. Fərqli variantlar var. Tullantı sularının təmizlənməsi, günəş enerjisi. Bu, o deməkdir ki, sizdə böyük elektrik enerjisi infrastrukturu qurmadan böyük həcmdə elektrik enerjisi istehsal olur. Bu cür ferma çox maraqlı olacaq. Beləliklə, biz İsrailin sahib olduğu süd ferması texnologiyasında bilik və təcrübəmizi Azərbaycana, Qarabağ bölgəsinə gətirmək istəyirik”.

 

Kənd təsərrüfatı naziri İnam Kərimov camışların İtaliyadan idxal olunacağını qeyd edib.

 

Layihə meneceri Giuseppe Grisolia bildirib ki, onların biznes ideyası strateji regionda tam avadanlıqla təchiz edilmiş camış sağmalçılıq fermasının və ya yüksək keyfiyyətli “motsarella”, “burrata” və digər növ camış pendirlərinin istehsalının həyata keçirilməsi ilə bağlıdır.

 

O deyib ki, südçülük ferması qurulandan sonra işçilərə təlim keçiriləcək və bununla Azərbaycanda “birinci nəsil bacarıqlı pendir hazırlayanlar” yetişdiriləcək.

 

“Biz Azərbaycanda sadə keyfiyyətdə camış pendirinin istehsal olunmasını istəmirik. Bizim hədəfimiz yüksək keyfiyyətli südçülük sektorunun yaradılmasından ibarətdir ki, Azərbaycan da İtaliya kimi mükəmməl “motsarella di buffalo” pendirlərinin istehsalçısı olsun. Bu sahədə güzəştdən söhbət gedə bilməz, yalnız birinci səviyyəli istehsal ola bilər. Biz azərbaycanlı dostlarımızla əlimizdən gələni edəcəyik”.

 

İlham Əliyev İsrail və İtaliyanı “dost ölkə” adlandırıb və bu ölkənin şirkətlərinin Azərbaycandakı layihələrə qoşulduğu üçün “şad olduğunu” bildirib.

 

BBC