Növbəti yürüşdə elə səhv olmaz!

Aydın Can

.

A-zər-bay-Can

Əslində…

Yer üzündə insan kölgə ölüsüdür, kölgə istəyir (yayda ağac, qışda daldalanacaq), kölgələnir, öz kölgəsindən qorxan olsa da, kölgəsinə sığındığı var, kölgə salmaq insanın tipik xüsusiyyətidir!

Əslində…

dünya işıqdır, nurdur, Günəşdir, işıqda, nurda, Günəşdə yaşamağı bacarmalıykən, biz kölgələr düşündük, göydələnləri işığa, nura, Günəşə sipər etdik!

Əslində…

düz elədilər təxribat törətdilər! Və polis düz elədi bu təxribata getmədi! indi polisə rahat olar təxribat törədənləri yaxalamaq, onları bu təxribata göndərənləri şaqqalamaq və haqlı olaraq da heç kim buna etiraz etməyəcək! Hakimiyyət öz payını və ölçüsünü götürəcək!

Əslində…

biz yaxşı qurtardıq bu milli birlik marafonunun fəsadlarından!

Əslində…

üzə çıxdı kütlənin lideri yoxdu, “ofsayd”a salınmış Əli Kərimli, Arif Hacılı, ən başlıcası, İsa Qəmbər bu möhtəşəm topluya çooox ağayana münasibət göstərdilər, özlərinin olmayan kontingentə “mənimdir” deyib mikrofona cummadılar, həm də, həm də, həm də… mənim qorxduğum olay baş vermədi: bir də görərdin Naxçıvandan (Moskvadan, Londondan) birini oturdub təyyarəyə göndərdilər ki, get orda çıxış elə, lider sən ol!

Əslində…

bu birlik serenadası qansız-qadasız oxunduğu üçün son akkorduna qədər özümüzü, sayıqlığımızı, müdrikliyimizi itirmədən düşünmək şansı qazandıq: “sel” hansı “bənd”dən daşdı, insanlar necə oldu ki meydana çıxdı, meydanı ələ aldı!?
O hansı “qığılcım” idi o “alov”u doğurdu!?

Vətən? Generalın şəhidliyi? İtkilər? Qarabağ yanğısı? Azərbaycanın bütövlüyü?

Əla!

… Qısa bir müddətdə meydana toplaşan 100-150 min vətənpərvərə dirijorluq edə biləni tapmaq lazımdır indi!
Müxalif siyasi elitada olanlardan heç birinin adı ola bilməz!
İqtidar eşalonundan da həmçinin – 10 saat ərzində yürüş iştirakçılarına qoşulan, onların qarşısında çıxış etməyə bircə nəfər də tapılmadı – Siyavuşundan Elmanınacan!

Və… qorxulur: ölkədə 100-150 min arası dağıdıcı gücə, döyüş qabiliyyətinə malik kontingent var, onu sahibsiz saxlamaq olmaz, onun “mexaniki” enerjisini “elektrik” enerjisinə çevirməyi bacarmaq lazımdır!

Əslində…

“xalq yatıb, oyanmır!” mifi dağıdıldı! Sübut olundu: xalq var, LİDER yoxdur!
Xalq var, ordu var, general var, polkovnik var, mayor var, kapitan var, baş leytenant var, leytenant var, gizir var, çavuş var, əsgər var… SƏRKƏRDƏ yoxdur!

Hətta xalq (100-150 min civarında şəhidlik üçün hazır, kamikadze, samuray kimi) fəaliyyətdə olan Ali Baş Komandana da sayğı göstərib dünənəcən göstərdiyi təpkini, etimadsızlığı, etdiyi ittihamı saxlanca qoyur və üzünü Ona inamla tutub deyir: “mənə silah ver!”

Deməli, pis-yaxşı, Ali Baş Komandan da var!

BU ARADA: adamlar lobya əkirlərsə, müəyyən müddətdən sonra banan dərəcəklərini düşünüb, hesab dəftər-kitabında lobya əvəzinə banan alış-verişinin qazancına ümid eləmirlər, qrafa ayırmırlar!
Son günlərin olaylarını “qiyamət əlaməti” olduğunu dərk edən Əli Kərimli… dünya siyasi bomondunun nəzərində aristokratik bir jest etdi – bunun səmimi və qeyri-səmimi oldğunu öz vicdanına buraxaq! Bu tip jestlər onun xarizmasının “şarm”ıdır, “izyüminka”sı da demək olar! Amma və lakin… kəmfürsət, kindar, yalançı və böhtançı adamlar, içlərinin astarını üzlərinə çevirmiş, cinsinin seksual üstünlüklərindən yararlanmağı peşə fəaliyyətinə döndərmiş “qq”-lər – “qruppa qabbarsinqxa” ağız-ağıza. klaviatura-klaviaturaya, mikrofon-mikrofona, əlqərəz, bir-birinə verə bildikləri bütün priyom və alətlərlə bir-birinə verərək, bu yetkin siyasi addıma don geyindirib KÖLGƏ salmaq üçün “quşluq” edib quş qoydular!

Bu an… Azərbaycanın kimliyindən asılı olmayaraq, hər kəsin birləşib çəkici zindana vurmasına ehtiyacı var, nəinki siyasi meydanda akulaların!
SÜBUTU: 15-20 nəfərlik təxribatçı qrup şokolad qoydu 100-150 minlik yürüşün müqəddəsliyinin içinə?

DEMƏLİ: bacardıqca və mümkün olduqca… iyrənc xislətin təzahürlərini təpəqapaz etmək lazımdır!

Adamlar… yanınızda olduğunuzla qarşı tərəfdən ittiham etdiklərinizi müqayisə edin, sonra danışın!
Sizin danışdıqlarınızı layk edib, sizin danışmadıqlarınızı biz danışıb başqalarına vurduğumuz milyon manatlıq ziyanları sizə də vurarıq… ona görə ki, sizlər Vətənin xilasına, millətin birliyinə rəxnə salırsınız cılız “rəqib debatı”yla!!!

Rəhim Qazıyevə “Rusiyanın adamı” deyib həbsinə sevinənlər… Nəcməddin Sadıqovun əleyhinə olan, Rusiyaya işlədiyini sübut edən faktları nə saytlarında, nə köşələrində yazır, nə kanallarında axıdırlar! Montaj olunmuş bir sitatından yapışıb çeynəyirsiniz, amma unudursunuz: sizin montaj olunmayan, qıpqırmızı üzünüzə duran çıxışlarınız var!
Rəhim Qazyev 1995-ci ildən Azərbaycanda heç bir səlahiyyət sahibi deyil və hərbi üçün, siyasət üçün heç kimdir! Heç bilmirsiniz də onun kimə işlədiyini, amma sizlərin… Azərbaycanın dövlətçiliyi və ərazi bötüvlüyü üçün təhlükə yaradan adamlara işləməyiniz göz qabağındadır! Heç sübuta ehtiyac da yoxdur!

Əli Kərimli heç olmasa, “blokada-blokada” oyunu oynayır, özünə, silahdaşlarına, ona ümid bəsləyənlərə, etimad göstərənlərə “xəyanət” edir, sizlərin oynadığınız isə… birbaşa xalqa və dövlətçiliyə xəyanətdir! Siz öz iddialarınızla, imicinizlə, ləyaqət və namusunuzla alver edəndə sizə kimsə demədi dalınızdakıları və yaxud qabağınızdakıları hara və kimə icarəyə verirsiniz, söhbət DÖVLƏT ÜÇÜN TALEYÜKLÜ ANdan gedir və nəzərə alın: qəsdinə durduqlarınız yalnız danışır, amma… amma… amma… tərəfində durduqlarınızın nümayəndəsi… Nəcməddin Sadıqov… AR MN BQ rəisidir! General-polkovnikdir!

Bu “işverən”, “girenko” statuslarınızla bizi etiraza qaldırıb, qurban getməyə niyə təhrik edirsiniz? Fikirləşirsiniz ki, kimsə Nəcməddin Sadıqovun oturub-durduqlarından çəkinib deməz ki, “çto k çemu?”

Əslində…

mənim indi döyüşmək gücüm, qabiliyyətim yoxdur! Və mənim döyüşçü gücüm… məhz bu həqiqətləri deməkdədir – çünki həqiqətən də başqaları deməyə ya cəsarət eləmir, ya da deyib başına gətiriləcək müsibətləri yaşamaq istəmir! Mən dedim axı: vətəni namaz kimi sevirəm!
Mən güllə meydanında iştirak edə bilməməyimi söz meydanında olmaqla kompensasiya etməyə çalışıram – hər iki halda sonu vətən üçün ölümdür!

Əslində…

generalı şəhid olan xalqın bu tip “dedim-dedi” janrı olmamalıdır! Ritorika… “vur, komandir, vur”, “vur, Ali Baş Komandan, vur” üstündə olmalıdır!

Əslində…

biz kölgəni sevdiyimizdən iqtisadiyyatımızın üstün tərəfi KÖLGƏ iqtisadiyyatıdır, özümüz də, dövlətimiz də dünyada gözüKÖLGƏliyik, torpağımıza da düşmənin kölgəsi düşür, düşmən kölgəsindədir torpağımız, çürüyür!
Hə-ə,

Əslində…

kölgə… çürüntü yaradır!

Hamınızı AYDINlığa – işığa, nura, Günəşə səsləyirəm!

Bir-birimizə nə kölgə olaq, nə kölgə salaq, nə də kölgədə qalaq!

Lap elə o təxribatçı uşaqları bağışlamaqla ataq ilk addımı – biz elə bircə dəfə qeyrət nümayiş etdirənlərdən deyilik ki! Biz həmişə qeyrət nümayiş etdirmişik tarixə, düşmənə, dosta!
Bir-birimizə kölgə salan səhvlərə, itithamlara, düşmənçiliklərə işığımızla kölgə salaq, çürüdək və çürüdək bu xıltı! Növbəti yürüşdə elə səhv olmaz!

Gəlin, birgə oxuyaq… şəhid generalı olan şərəfli xalq kimi ölkəmizin və generalımız Polad Həşimovin ruhu şad olsun və hər şey kölgədə qalsın deyə:

A-zər-bay-Can

.

Yazı Aydın Canın feysbuk səhifəsindən götürülüb, müəllifin fikirlərini əks etdirir və “Basta”nın mğvqeyi ilə üst-üstə düşməyə bilər.

Basta