Paşinyan: “Türkiyə ilə düşmənçilik idarə edilən həddə olmalıdır”
Türkiyə ilə münasibətlərdə düşmənçiliyin dərəcəsi idarə olunan həddə olmalıdır. Bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bazar ertəsi ölkə parlamentində çıxış edərkən deyib.
Paşinyan Ermənistan-Türkiyə münasibətləri ilə bağlı mübahisələri başa düşmədiyini deyib.
“Bu nə sualdır: Türklər bizim düşmənimizdir, ya yox? Bu, bəyanatlarla həll olunmur. Bu, tarixi bir gerçəklikdir. Düşmənçilik nəzarət altına alınmalı və biz bu yolu tutacağıq. İdarəedilməz düşmənçiliyin təzahürünə imkan verməməliyik” deyə, Paşinyan bildirib.
“Türkiyə bizim düşmənimizdir, eyni zamanda qonşumuzdur.” deyən Paşinyan əlavə edib ki, düşmənlər məhz qonşular arasında olur.
Qeyd edək ki, rəsmi İrəvan ilə Ankara arasında münasibətlər mövzusu, Ermənistanın siyasi rəhbərliyinin bir neçə sensasiyalı açıqlamasından sonra aktuallaşıb. Əvvəlcə Baş nazir Nikol Paşinyan Ermənistan ətrafında bölgədə əlverişli bir atmosfer yaratmağın lazım olduğunu və “bunun üçün bölgə ilə bağlı baxışlarınızı dəyişdirməyin lazım olduğunu” bildirib.
Bundan bir neçə gün sonra isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya verdiyi müsahibədə, aparıcının “Türkiyənin Ermənistan üçün düşmən bir dövlətdirmi” sualına cavab verərkən “yanaşmalarımıza bəzi düzəlişlər etməliyik” cümləsini qurub.
Basta