Rusiyadan Qarabağdakı vəziyyətlə bağlı yeni açıqlama
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbçiləri Ermənistan və Azərbaycan tərəfdən sərhəd xəttində atəşkəsə əməl olunmasını və nəqliyyatın təhlükəsizliyini, “Laçın dəhlizi” boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb”,-deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrinin Syunik rayonu istiqamətində sərhəddi keçərək 3 kilometr irəlilədiyi və Qaragölü nəzarətə götürdüyü haqda məlumat yayıb. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanı “təxribat törətməkdə” ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu ittihamları rədd edib, ordumuzun Azərbaycan sərhədləri daxilində yerdəyşmə etdiyini bildirib.
Ermənistan tərəfi Azərbaycan ordusunun Qaragöl ətrafında mövqelərini möhkəmləndirdiyini qeyd edir. Sputnik Ermənistanın yerli rəsmilərdən birinə istinadən verdiyi məlumata görə, Azərbaycan hərbçiləri Qaragölün bir istiqamətində 200 metr geri çəkilsə də, digər istiqamətdə daha 300 metr irəliləyiblər.
Basta