Müdafiə Nazirliyi: “Ermənistan atəşkəsi pozub”

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, mayın 24-dən 26-dək Azərbaycan-Ermənistan sərhədində atəşkəs pozulub.

 

Qurumun açıqlamasına görə, Azərbaycan hərbi mövqeləri Ermənistanın Geqarkunik vilayəti ərazisindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

 

“Eyni zamanda, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb. Cavab atəşi açılmayıb. İtki yoxdur,”- Azərbaycan MN bildirir.

 

Ermənistan Müdafiə Nazirliyi mayın 25-də sərhədin Kəlbəcər-Geqarkunik vilayəti istiqamətində atəşkəsin pozulduğunu və bir hərbçinin öldüyünü açıqlayıb. Azərbaycan erməni hərbçinin ölməsini “bədbəxt hadisə” nəticəsində baş verdiyini bildirib” və həmin gün hər hansı atəş açılmadığını bəyan edib.

 

Rusiya Müdafiə Nazirliyi mayın 25-də xəbər verib ki, regionda atəşkəsə nəzarət edən rus sülhməramlılarının nəzarət sferasında atəşkəs pozuntusu qeydə alınmayıb.

 

Ermənistan mayın 25-də Azərbaycanın Kəlbəcər rayonu ərazisindən Ermənistan mövqələrinə atəş açılması və bir hərbçinin həlak olmasını iddia edib, Azərbaycan bunu təkzib edərək “yalan məlumat” adlandırıb və bildirib ki, erməni hərbi qulluqçusunun ölümü “bədbəxt hadisə nəticəsində baş verib”.

 

Ermənistan rəhbərliyi hesab edir ki, Ermənistan-Azərbaycan sərhədində böhranın siyasi həlli yolları tükənir, Azərbaycan isə Ermənistanı “yalan məlumatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına” çağırır.

 

Rəsmi Yerevan artıq ikinci həftədir ki, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın dövlət sərhədini şərq və cənub-şərq istiqamətlərində üç yerdə pozduğunu, bəzi yerlərdə 5 kilometrədək ölkə ərazisinə daxil olduğunu bildirir. Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.