Xəzərdə vulkan ada yaratdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fövqəladə Hallar Nazirliyi bazar günü Xəzər dənizində baş verən partlayışın səbəbinin “palçıq vulkanı” olduğunu bildiriblər.

 

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov BBC News Azərbaycancaya hadisə yerinə SOCAR-ın işçi heyətinin gəmi ilə göndərildiyini deyib. FHN isə nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanıldığını bildirib.

 

Ələt qəsəbəsi ilə Neftçala şəhəri arasında, sahildən təxminən 30 km məsafədə dənizdə yerləşən Daşlı adada təbii şəkildə yanan palçıq vulkanı müşahidə olunub, SOCAR-ın məlumatında deyilir.

 

“Müşahidə zamanı alov sönməyə doğru gedir, yaxınlığında neft sənayesinə aid hər hansı infrastruktur mövcud olmamışdır,”- qurum bildirir.

 

***

 

Xəzər dənizində güclü partlayış baş verib. Partlayışın neft yataqlarının birində baş verdiyi, yoxsa vulkan püskürməsi olduğu hələ aydın deyil.

 

Fövqəladə Hallar Nazirliyi bildirib ki, ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə onlara məlumat daxil olmayıb.

 

“Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır,”- qurum bildirib.

 

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı BBC News Azərbaycancaya deyib ki, hadisədən məlumatlı olan mütəxəssislərin ona verdiyi məlumata görə, partlayış Ümid yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusunda baş verib.

 

 

 

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib ki, hazırda partlayışın mənbəyi araşdırılır: “Mirvari xanım bu məlumatı hardan götürüb, bilmirəm, amma hələ araşdırılır ki, nə baş verib”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri də partlayışın mənbəyini araşdırırlar.

APA xəbər verir ki, mütəxəssislərin ilkin ehtimalına görə, partlayışa səbəb vulkan püskürməsidir.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev sosial media hesabında yazıb ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib.

Sosial şəbəkələrdə Xəzər dənizində baş verən hadisənin tankerdə olması da iddia olunub.

“SOCAR-ın heç bir sənaye obyektində qəza baş verməyib”

 

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, onların istismar etdiyi yataqların heç birində qəza baş verməyib.

Mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib ki, sosial mediada yayılan görüntülərdən xəbərdardılar və hazırda nə baş verdiyi araşdırılır: “Sizə yalnız onu deyə bilərəm ki, Azərbaycan Dövlət Neft Şirkətinin istismar etdiyi yataqların, sənaye obyektlərinin heç birində qəza baş verməyib”.

Nə baş verib?

 

Bazar günü axşam saatlarında sosial mediada Xəzərin Azərbaycana aid olan sektorundakı neft platformalarının birində partlayış baş verdiy xəbərləri yayıldı.

Alovu Bakıdakı sahildən görmək olar. BBC News Azərbaycanca müxbiri göy üzünün qəfildən dəniz tərəfdə qırmızı rəngə büründüyünü müşahidə edib.

Turan informasiya agentliyi yazıb ki, qeyri-rəsmi məlumata görə, partlayış Ümid yatağında, ya da Qum Adasında baş verib.

Hər iki sahə Bakıdan bir neçə on kilometr məsafə uzaqlıqdadır.

Sosial şəbəkələrdə Xəzər dənizində partlayışla bağlı yayılan videolar arasında “Ümid” qaz yatağından çəkildiyi iddia edilən görüntülər də var.

Görüntüləri çəkən şəxslər bildiriblər ki, yanğının müşahidə olunduğu ərazidə hansısa platforma olmayıb. Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı isə dəqiq məlumat yoxdur.

 

“Ümid” qaz yatağından çəkilən videogörüntülər isə sözügedən yataqda heç bir problem olmadığını göstərir.

 

Məlumat yenilənir.