Yerevan İlham Əliyevin təklifinə belə cavab verir
“Danışıqlar masasında ilk müzakirə ediləcək məsələ Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılması olmalıdır”
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyulun 14-də jurnalistlərə baş nazirin müavin əvəzi Tiqran Avinyan deyib.
O habelə iddia edib ki, Azərbaycan-Ermənistan sərhədi boyunca gərginliyi Bakı yaradır.
“Sərhəddəki vəziyyət sonunda necə həll olunacaq” sualına cavab verən Avinyan deyib:
“Tez, ya gec, günlərin birində bizim bütün qonşularla sərhədlərimizin delimitasiya və demarkasiyası baş verməlidir. Lakin sərhədimizin pozulması, sərhədlərimiz daxilində dislokasiya və hətta bizi şantaj yolu ilə hansısa hərəkətlərə sövq etmək cəhdləri səmərəsiz yoldur və hər hansı nəticə verə bilməz. Belə bir yanaşma və şantaj metodu Ermənistan Respublikasının hakimiyyəti və xalqı üçün məqbul deyildir”.
“Danışıqlar mütləq lazımdır, amma…”
Tiqran Avinyan danışıqların lazım olduğunu desə də, Yerevanın şərtindən danışıb:
“Bəli, mütləq danışıqlar masasının arxasına keçmək lazımdır, amma bu halda müzakirə olunacaq birinci məsələ Azərbaycan qoşunlarının Ermənistan Respublikasının ərazisindən çıxarılması olmalıdır”.
Avinyanın sözlərinə görə, bütün səylər göstərilməlidir ki, bu məsələ diplomatik yolla həll olunsun.
Azatutyun yazır ki, Azərbaycan prezidenti İlham Əliyev də iyulun 14-də danışıqlardan söz açıb.
Əliyev deyib ki, “qeyri-rəsmi kanallardan alınan informasiyaya görə Ermənsitan sülh sazişinin imzalanmasına hazır deyil”.
Ilham Əliyevin sözlərinə görə, Azərbaycanın bu təklifi yeni real vəziyyətə əsaslanır:
“…Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər… “
Ermənistan baş nazirinin müavin əvəzi Tiqran Avinyan bu bəyanta cavab olaraq deyib:
“Mən deyə bilərəm ki, prioritetlərin arasında Artsaxın (Qarabağ – red) statusu məsələsi var. Və nə qədər ki, Artsaxın statusu məsələsi son həllini tapmayıb, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar bərpa edilməyib, düşünürəm ki, başqa ümumi həllər və başqa yanaşmalar barədə danışmaq çətin olacaq”.
Avinyan daha sonra bildirib:
“Biz danışıqlar prosesinə, habelə danışıqlar prosesində açılım məsələsində müəyyən müsbət dəyişikliklərə böyük əhəmiyyət veririk. Lakin bütün yekun həllərin, sülh razılaşması və müqavilələrin tərkibində müəyyən əngəllər var və bu mənada ilk və ən mühüm problem Artsaxın (Qarabağ – red) və Artsax (Qarabağ – red) xalqının statusu məsələsidir”.
Xatırlatma
2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi açıqlanıb.
Bu il yanvarın 11-də də Moskvada tərəflər üçtərəfli bəyanat imzalayıblar.
Həmin bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
AzadlıqRadiosu