Rusiyanın Ermənistanı silahlandırması heç bir məntiqə sığmır – İlham Əliyev

Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir.

 

Bu fikirləri “CNN Türk” kanalına müsahibəsində ölkə başçısı İlham Əliyev söyləyib.

 

O qeyd edib ki, müharibə başa çatıb, yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. «Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir», – daha sonra lham Əliyev deyib.

 

Ermənistanın yeni müdafiə nazirinin çox məsuliyyətsiz açıqlamalar verdiyini bildirən  İlham Əliyev deyib: “Yəni, görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”.