Türkün Böyük Zəfəri – 30 avqust qardaş ölkədə milli bayramdır
30 avqust türk tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün qardaş ölkədə Zəfər bayramıdır.
Tarixə qısa ekskurs edək. XX əsrin əvvəllərində Türkiyə tarixinin çox çətin dönəmini yaşayırdı. 1920-ci ilin avqustunda Birinci Dünya müharibəsində ağır məğlubiyyətə düçar olan Osmanlı dövləti Paris yaxınlığındakı Sevr şəhərində müttəfiq Qərb dövlətləri (Britaniya, Fransa, ABŞ) tərəfindən masaya qoyulan təslimçi sazişə imza atmalı olmuşdu.
Həmin sazişə görə, Osmanlı imperiyası 1914-cü ilə qədər olan ərazilərinin dörddə üçünü, o cümlədən indiki Türkiyənin böyük bir hissəsini itirməli idi.
Belə bir dönəmdə türk milləti Osmanlı generalı Mustafa Kamal Paşanın rəhbərliyi ilə Qurtuluş savaşına qalxdı. Xalq İstanbuldakı Sultan hakimiyyətinin imzaladığı təslimçi sazişi etirazla qarşıladı, Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi onu təsdiqləməkdən imtina etdi.
1921-ci ildə qalibiyyətlə başa çatan Sakarya savaşı türk ordusunun bu əzmini nümayiş etdirmişdi. 1922-ci ilin avqustundakı “Böyük Taarruz” (“Böyük Hücum”) zəfərinin təməli də Sakarya savaşında qoyulmuşdu.
1922-ci il avqustun 26-da sübh tezdən türk qoşunları baş komandan Mustafa Kamal Paşanın əmri ilə düşmən üzərinə hücuma keçdi. İki gün içində yunan ordusunun beş diviziyası darmadağın edildi. 30 avqustda artıq yunan qoşunları müdafiə qabiliyyətini itirmişdi.
Əskişəhər və Afyonu tamamilə nəzarətə götürən türk hərbi birlikləri yunan qoşunlarını bütün cəbhə boyunca qovaraq sentyabrın 6-7-də Balıkəsir və Aydını azad etdi, sentyabrın 9-da isə yunanların müdafiə xəttini yararaq İzmirə daxil oldu.
İki həftə içində türk ordusu 100 kilometr enində cəbhə boyunca 500-600 kilometr irəliləmiş, yunan qoşunlarının qalıqları Aralıq dənizinə çataraq gəmilərlə bölgəni tərk etməyə başlamışdılar. Bu zəfər naminə 13 min türk əsgər şəhid olmuşdu…
Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. Rəsmi olaraq Zəfər bayramı 1936-cı ilin may ayında elan olunub.
30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyinə atıldı. İrəlidə bütün vətən torpağında suverenliyi bərqərar etmək missiyası dururdu. Bir il sonra, 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan etdi.
Zəfər bayramı ilk dəfə 30 avqust 1923-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə qeyd olunub. Rəsmi olaraq isə Zəfər bayramı 1936-ci ilin may ayında elan edilib.
Türkiyədə Zəfər bayramı münasibətilə gün boyu təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edir, Mustafa Kamal Atatürkə, silahdaşlarına və bütün əsgərlərin ruhuna dualar oxuyurlar.
Günaz TV