Qazilərin dərdi

Fərəc Kərimli

 

 

Həmişə İlham Əliyevə yaltaqlanmaq üçün bir sürü adam növbəyə düzülüb tərif deyir. Müharibədən sonra da eyni tiplər iş başında oldu. Onlar hər gün bu yaltaqlanma mərasimlərini keçirərkən eyni zamanda da demək olar ki, hər gün bir müharibə əlili video yayıb baxımsızlıqdan, hakimiyyətin laqeyd münasibətindən, müalicəyə ehtiyacı olduğu barədə videolar yayıb kömək istədi. Bu müraciətlər ictimailəşdikdən, qınaq yarandıqdan sonra bəzilərinin problemləri ya həll edildi, bəziləri isə unudulub ölümə tərk edildi.

 

Əgər Əliyev hakimiyyəti bu qədər yaxşıdırsa, bu təriflərə layiqdirsə elə hakimiyyət əvvəlcədən bu insanları nəzarətə götürüb niyə qayğısına qalmırdı? Bu adamlar faktiki müharibədə sağlamlığını itirib və onlara qayğı göstərmək, müalicə etmək, problemlərini həll etmək hakimiyyətin işi deyil? Gərək bu məsələlər ictimailəşə, minlərlə adam sosial şəbəkələrdə bu haqda yaza, bundan sonra həmin adamlar nəzarətə götürülə?! Təsəvvür edirsinizmi hansısa normal dövlətdə belə hallar ola bilərmi? Bu hallar ancaq anormal quruluşlarda olur və Əliyev rejimi də hər gün bunu nümayiş etdirir. Ona görə də bu anormal quruluşa ölkədə son qoymaq lazımdır.

 

İndi bu yazdığımı oxuyandan sonra bəzi peşəkar yaltaqlar çıxıb deyə bilərlər ki, “İlham Əliyev Qarabağı aldı”. Birincisi, İlham Əliyev Qarabağı almayıb. Ermənilər-ruslar bu münaqişəni Xankəndi, Xocalı, Xocavənd, Ağdərəyə görə başladıb. Ermənilər bu ərazilərə iddia edirdilər. Əllərinə fürsət düşən kimi Şuşanı və digər rayonları da işğal etdilər. Azad olunan 6 rayon isə Heydər Əliyevin hakimiyyəti vaxtı işğal olunmuşdu. İlham Əliyevin hakimiyyəti vaxtı ermənilərin STATUS tələb etmədiyi rayonları azad etdik. Şuşanın 30 kəndi, Xankəndi, Ağdərə, Xocavənd və Xocalı rusun qarantiyası altında ermənidə qaldı. Görürsünüz ki, heç İlham Əliyev də bu torpaqların azad ediləcəyi barədə ortaya mövqe qoymur. Hər gün bu ərazilərdən Azərbaycan əsgərinə ermənilər atəş açsa da, onlara tərəf bir addım da irəliləmirik. Axı Qarabağda artıq rus ordusu var!

 

Qayıdaq yenə qazilərin məsələsinə. Son günlərdə ən çox gündəmdə olan iki qazinin problemidir. Biri xərçəng xəstəliyindən müalicə olunmalı olan “Vətən Müharibəsi Qəhramanı” Qəzənfər Ağayevdir. Biri də atasını və anasını itirmiş Ağayev Fariz Hidayət oğludur. Bu vəziyyətdə 1-2 milyon qazi olsaydı adam başa düşərdi ki, çatdırmaq olmur, çətin məsələdir. Ancaq belə deyil axı. Əgər hakimiyyətin marağı olsaydı atəşkəsdən bu günə qədər hamısının problemini həll edərdi.

 

 

Elə xərçəng xəstəsi olan “Vətən Müharibəsi Qəhramanı” Qəzənfər Ağayevi vaxtında İlham Əliyevin dayısı, akademik Cəmil Əliyevin baş direktoru olduğu Milli Onkologiya Mərkəzində müalicə etmək olmazdımı? Gərək adamların çarəsiz vəziyyətdə olduğu videolarını milyonlarla adam görə, ondan sonra minnətlə müalicə edib ordan da reklam tutasınız?! Ömrü boyu ölkəni çapıb-talamış bir məmurunuz xəstəliyi olan kimi özəl təyyarə ilə İsrailə, Amerikaya, Avropaya qaçırdıb milyonlarla pul xərcləyə bilirsiniz, amma vətən yolunda canını qoymuş adamları müalicə etdirməyə çətinlik çəkirsiniz?! Gəncənin quldur icra başçısı, xalqın nifrətini qazanmış Elmar Vəliyevi İsrailə aparıb necə müalicə etdirdinizsə bu adamları da elə müalicə etdirməlisiniz!!!