Ermənistan öz müqəddəratını təyin etmə məsələsini qaldırmaqla özünü və Qarabağı aldadırdı – Paşinyan
Qarabağda 44 günlük müharibədən sonra Azərbaycan “eyforiyadadır” və daha çox şey əldə etməyə çalışır. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan çərşənbə axşamı ölkə parlamentində çıxışında bildirib.
Onun sözlərinə görə, buna beynəlxalq vəziyyət şərait yaradır, çünki Azərbaycan enerji və ya logistika qovşağına çevrilib, onun həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb, deyə Paşinyan bildirib.
O qeyd edib ki, Azərbaycanla mümkün qədər tez sülh müqaviləsi bağlamağa səmimiyyətlə səy göstərir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanısa və bir-birinə qarşı ərazi iddiası irəli sürməmək öhdəliyi götürsə, bu müqavilə real olar. Əslində Soçidə və Praqada Azərbaycan prezidenti ilə bu barədə razılıq əldə olunub, deyə o, əlavə edib.
“Təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və biz ümid edirik ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanıyacaq”, deyə “Sputnik Armenia” Paşinyandan sitat gətirir.
Yerevan təklif edib ki, gələcək sülh müqaviləsinə ölkələrin ərazi bütövlüyü üçün əsas kimi Ermənistan və Azərbaycan SSR-in Sovet İttifaqında tərtib olunmuş xəritələri qoşulsun. Amma burada ən çətin məsələ Dağlıq Qarabağdır, deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, Qarabağ münaqişəsi boyunca öz müqəddəratını təyin etmə hüququ və ərazi bütövlüyü prinsipləri “yan-yana dayanıb”.
Öz müqəddəratını təyin etmə məsələsini qaldırmaq “ərazilərin bir hissəsi” deməkdir. Ermənistan tərəfi nəinki bu fəlsəfəni yaradıb, həm də hər yolla “möhkəmləndirərək”, özünü və Dağlıq Qarabağ xalqını aldadıb, deyə Paşinyan bildirib.
Paşinyan hesab edir ki, bunu etməsə, heç kim Ermənistanın inkişaf etməsinə imkan verməyəcək. Sülhə nail olmaq dörd qonşu ölkə ilə normal münasibətlərə malik olmaq deməkdir. Gürcüstan və İran baxımından söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir, müvafiq olaraq, söhbət daha çox Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından gedir, deyə Paşinyan qeyd edib.