Qələbənin təməli
2020-ci ilin qələbəsi birinci Qarabağ müharibəsinin əsasında baş verdi
Kamal Əli
Biz 2020 və 2023-cü illərdə əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqdan çox və layiqincə danışırıq. Lakin doxsanıncı illərin əvvəllərində onların atalarının qatlaşdığı üçillik müharibənin ağırlıqlarını çox vaxt qeyd etmirik.
Şəbəkədə gözlənilmədən başqa bir imza ilə qarşıma çıxan bu köhnə məqaləmdə mən müasirlərimiz tərəfindən yetərincə qiymətləndirilməmiş faktları toplamışam. Bu hadisələr 92-93-cü illərdə mənim də xidmət etdiyim Azərbaycan ordusunun hərbi hissələrində baş verib.
Bakıdakı Şəhidlər Xiyabanında xərçəng xəstəliyindən vəfat etmiş əsgər Rasim Gülməmmədov (1972-1993) dəfn olunub. O, xəstə olmasına baxmayaraq, cəbhəyə könüllü yollanmışdı. Ağrıları ona əzab versə də, postda dayanırdı və elə postda da huşunu itirərək yıxılmışdı. Bakı hospitalında gənc oğlanda ölümcül şiş aşkar olunmuşdu.
Onunla eyni bölmədə əlil olan bir bakılı oğlan xidmət edirdi. O, bir ayağının digərindən qısa olmasını gizlətmişdi. Bu fiziki qüsuru ucbatından da əsir düşmüşdü – geri çəkilmə zamanı qaça bilməyib xilas ola bilməmişdi.
1991-1992-ci illərdə döyüşmək istəyənlərin sayı silahların sayından çox idi. Ağdamdakı tank batalyonunun döyüşçüləri texnika gözləyərkən piyada kimi xidmət edirdilər. Keşikdən qayıdan əsgər öz avtomatını səngərə yollanana təhvil verirdi, döyüş başlayanda isə imkan tapıb öldürülmüş ermənidən silah götürmək və silahlanmaq üçün geri qayıdırdı.
1992-ci ilin martında Şelli kəndi yaxınlığındakı döyüş bölgəsinə gələn Moskva qəzetinin müxbiri avtomatında cəmi 5 patronu olan 16 yaşlı yeniyetməni görəndə heyrətə gəlmişdi. Sursat qıt idi, keçmiş sovet hərbi anbarlarından əldə edilə bilən hər şey isə kəskin şəkildə çatışmırdı.
Şəhiblər Xiyabanında iki gənc yan-yana uzanıb. İlham Həsənov (1967 – 06.12.1992) və Vadim Xanini (1969 – 06.12.1992) eyni həyətdə yaşayırdılar, uşaqlıqdan dost idiler. Cəbhəyə də birlikdə yollanıb kəşfiyyat bölüyünə düşmüşdülər. Bir dəfə kəşfiyyatçılar pusquya düşürlər, yaralıları daşıyaraq geri çəkilmək məcburiyyəti yaranır. Vadim yoldaşlarının geri çəkilməsini təmin etmək üçün pulemyotun arxasında qalır. İlham uzaqlaşarkən atəş səslərinə görə təyin etməyə çalışırdı: Vadim sağdır, yoxsa yox? Pulemyotun susduğunu eşidən İlham geri qayıdır, döyüşü davam etdirir və dostunun yanında həlak olur.
Əsgəran yaxınlığında, erməni və Azərbaycan mövqeləri arasındakı “neytral zonada” helikopterimiz qəzaya uğrayanda, ermənilər vurulmuş hərbi maşına tərəf sürünməyə başladılar. Helikopterdə yaralı pilotlar var idi və onlara kömək lazım idi. Vurulmuş helikopterə qədər olan məsafə hər tərəfdən intensiv atəş altında saxlanılan iki yüz metrlik bir sahə idi. Gəncəli bir əsgər (adı yaddaşlarda qalmayıb) səngərdən təxminən yüz metr aralıda öldürüldü. Torpaqlarımızı müdafiə etmək üçün Azərbaycana gəlmiş tacik Şarif Azimov isə helikopterin lap yaxınlığında yaralandı. Hücum sayəsində yaralıları və həlak olanların nəşini döyüş meydanından çıxarmaq mümkün oldu. Həmin il gəncəli şəhidə Milli Qəhrəman adı verildi.
Yaralı tacik təcili olaraq Bakı hospitalına çatdırıldı. Onu həkim-polkovnik Ələkbər Məmmədov (1944 – 23.06.1992) əməliyyat etdi. Elə bilirdilər oğlan sağ qalacaq, lakin rütubət və soyuqdan zərər çəkmiş böyrəkləri imtina etdi (“səngər xəstəliyi”). Şərif Azimov Fəxri Xiyabanda dəfn olunub. Tibb xidməti polkovniki Ələkbər Məmmədov isə hospitalın palatasında onun tacik pasiyentinin vəfat etdiyi gün döyüşdə həlak oldu. İndi həkim həmin xiyabanda Şarifin yanında dəfn olunub.
Həkimlərimizin qəhrəmanlığı haqqında… O vaxt yenicə yaranmaqda olan ordumuzda sahə feldşerləri olmadığından və əsgərlər yaralılara tez və düzgün yardım göstərə bilmədiklərindən, ali tibb təhsilli həkimlər əsgərlərlə çiyin-çiyinə döyüşə gedirdilər. Ağdamla Əsgəran arasındakı yüksəkliyə hücum edən batalyonun feldşeri öldürüldükdən sonra, oraya ağdamlı həkim Muxtar Qasımov (1958 – 16.06.1992) gəldi (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını aldı). Üç gün sonra onun nəşini hospitala gətirdilər. Həlak olmuş həmkarının yerinə bakılı həkim Gültəkin Əsgərova yollandı (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını aldı). Gəlişinin dördüncü günü erməni qumbaraatanı ona atəş açdı. O, qarşısındakının tibb çantası olan bir qadın olduğunu görürdü… Yüksəklik alındı, Gülünün nəşi Bakıda – Şəhidlər Xiyabanında dəfn olundu. Sonra isə mühasirədə olan Ağdamdan yenidən dəfn edilən Muxtar Qasımovun cəsədi burada, onun yanında torpağa tapşırıldı.
Hərbi-sahə hospitalının yerləşdiyi Xanlıq kəndi Cəbrayılın işğalından sonra (1993-cü il sentyabrın əvvəllərində) ermənilər tərəfindən tutuldu. “Komsomolskaya Pravda” qəzeti yazırdı ki, ermənilər yaxınlaşmağa qorxaraq hospitalı DŞK-dan (iriçaplı pulemyot) atəşə tuturdular. Hospitalda isə mühafizə edən cəmi 10 gənc əsgər var idi. Hospitalın yaralıları və osetin Rafik Mədatovun komandirlik etdiyi həkimlər Həkəri çayının yatağı ilə təxliyə oluna bildilər. İran sərhədinə qədər uzaqlaşan hospitalın əsgərləri, 706-cı briqadanın tibb xidməti rəisi Murad Muradovun rəhbərliyi altında gecə vaxtı ermənilər tərəfindən zəbt edilmiş Xanlığa qayıtdılar və oradan qıt olan cərrahiyyə alətlərini çıxardılar.
Həmin o könüllü Azərbaycan ordusunun kütləvi qəhrəmanlığı haqqında bizim yalnız ümumi və dumanlı təsəvvürümüz var. Məsələn, PDM (piyadaların döyüş maşını) sürücüsü olan maştağalı oğlan haqqında. Onun adı yaddaşlarda qalmayıb. Maşının heyəti üç nəfərdən ibarət olur, lakin bizim qəhrəmanımız cəmi bir köməkçi ilə həm maşını sürür, həm də atəş açırdı. Gecə ərzində onun PDM-i bir neçə mövqedə peyda olur, bununla da düşməndə bütöv bir zirehli maşın bölüyü təəssüratı yaradırdı. Üzərində “Rembo” yazılmış döyüş maşını özünün sərrast atəşi ilə işğalçılara yaxşı tanış idi.
Analarının göz yaşlarına məhəl qoymayıb cəbhəyə qaçan gənc qızlar da qəhrəmanlıq göstərirdilər. Laçında mənə öldürülmüş qardaşını əvəz etmək üçün dəstəyə gəlmiş balaca, qarayanız bir qız göstərdilər. O, yaralı komandiri atəş altından çıxarmağa nail olmuşdu: irigövdəli kişini iplə bağlayaraq sığınacağa qədər dartmışdı.
Laçın dağlarında döyüşmək üçün göndərilən Bakı batalyonunun bir neçə zabiti cəbhəyə həyat yoldaşları ilə birlikdə gəlmişdi. Ərləri döyüşərkən, qadınlar əsgərlərə yemək hazırlayırdılar. Elə ilk döyüşdə, 1993-cü ilin baharında, cəbhəyə anası ilə birlikdə getmiş bir əsgər öldürüldü. Qadın ağlamadı, sadəcə maşında digər cəsədin yanında uzadılmış oğlunun bədəninə uzun müddət səssizcə baxdı, sonra oğlunu qucaqladı. Onu Bakıda dəfn etdikdən sonra yenidən cəbhəyə qayıtdı. Üç il sonra mən onu televiziya ekranında gördüm. Saçları ağappaq ağarmış əsgər anası sonradan Murovdağı müdafiə edən hərbi hissədə feldşer kimi xidmət edirdi.
Ağdamda Voronejdən gəlmiş Vova adlı balaca, arıq, sarışın bir oğlan xidmət edirdi. O, erməni vəhşilikləri barədə bakılı rus sevgilisinin yazdığı məktubdan oxumuş, əvvəlcə Bakı qatarına, sonra isə Ağdam qatarına minmişdi… Bir həftədən sonra Vova silah almaq üçün pulla evinə yollandı. İstənilən hər şeyi gətirdi, sonra isə top komandiri oldu və özünün azərbaycanlı silahdaşları – artilleriyaçılarla birlikdə həlak oldu… Mərmi birbaşa onların üzərinə düşmüşdü.
Ermənilər Azərbaycan tərəfində döyüşən əfqan muzdlularından dəm vururlar… Əgər ölkəmizin bütün xalqlarının və dinlərinin nümayəndələri heç bir ödəniş və dəvət olmadan ədaləti müdafiə etməyə hazır idilərsə, muzdlu tutmağa nə ehtiyac var idi, bu nəyə lazım idi? Şəhidlər Xiyabanını bir az gəzin: Valentin Seleznyov (1964-1993), Boris Demin (1954-1993), Salaudi İnayev (1956-1993), ləzgi helikopterçilər, tankçı Albert Aqarunov, Talış alayı, “Balakən qartalları” avar dəstəsi…

