Bakı-İstanbul təyyarəsi Ermənistandan keçdi – İLK DƏFƏ

Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin Bakı-İstanbul reysi ilə uçan sərnişin təyyarəsi bir neçə saat əvvəl Ermənistanın hava məkanından keçib.

 

Modern.az xəbər verir ki, bu haqda avia.pro saytı bildirir. Bu da o mənanı verir ki, Ermənistan Türkiyə və Azərbaycana aid mülki təyyarələr üçün öz hava məkanını açıb.

 

İndiyədək Türkiyə və Azərbaycan sərnişin təyyarələri Gürcüstanın hava məkanından keçirdi, çünki Ermənistan öz hava məkanını bağlamışdı. Bu da təyyarələrin daha uzun məsafə qət etməsi demək idi.

 

Rəsmi mənbələr hələlik şərh verməsələr də ehtimal olunur ki, Ermənistanın hava məkanını Azərbaycana uçan mülki təyyarələr üçün açması 10 noyabr üçtərəfli razılaşması əsasında baş verir. Həmin razılaşmaya əsasən tərəflər bütün nəqliyyat kommunikasiyalarını qarşılıqlı olaraq açmalıdır.

 

Üçtərəfli razılaşma habelə Qarabağdakı sülhməramlı kontingent üçün yüklər daşıyan  Rusiya hərbi-nəqliyyat təyyarələrinin də Azərbaycanın hava məkanından keçməklə Ermənistana reyslər həyata keçirməsinə imkan verir.