Zelenski Ukrayna xalqını vətəni və azadlığı qorumağa çağırdı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqını vətəni və azadlığı qorumaq üçün silaha sarılmağa çağırdı.
O, Rusiyanın səhər saat 5-də Ukraynaya hücum etməsini Faşist Almaniyasının 1941-ci ildə SSRİ-yə hücumuna bənzədib.
Zelenski Rusiya xalqına da müraciət edərək bütün vicdanlı insanları bu müharibəyə qarşı çıxmağa çağırıb.
Bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyi Mariupol, Odessa və Xerson vilayətlərində ölənlərin olduğunu bildirib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Odessa və Mariupolda atışma nəticəsində yaralananlar və ölənlər barədə məlumat verib.
Odessa vilayətinin Podolsk hərbi hissəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb, 19 nəfər itkin düşüb.
Mariupolda atışma nəticəsində bir nəfər ölüb, daha iki nəfər yaralanıb. Nikolayev vilayətində hərbi aerodromun atəşə tutulması zamanı bir nəfər, Xerson vilayətinin Semikhatki şəhərində isə 17 yaşlı yeniyetmə həlak olub.
“İnterfaks-Ukrayna” ölkənin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, Xerson vilayətinin Preobrajenka kəndi yaxınlığında bir sərhədçi həlak olub.
Fevralın 24-də Vladimir Putin Donbassda “xüsusi hərbi əməliyyata” başlanıldığını elan edib. Ruslara müraciətində o, Kremlin Ukraynanı “demilitarizasiya və denazifikasiyaya” çalışacağını bildirib.
Fevralın 24-də səhər saatlarında Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Qeraşenko Kiyev, Xarkov və Dneprə raket hücumları barədə məlumat verib. Rusiya Müdafiə Nazirliyi bildirib ki, onlar Ukrayna ordusunun hərbi infrastrukturunu sıradan çıxarırlar, lakin şəhərlərə zərbələr endirmirlər. Daha sonra Rusiya departamenti Ukraynanın hərbi hava bazalarının məhv edilməsi və Ukraynanın hava hücumundan müdafiə sisteminin “yatırılması” barədə məlumat yayıb.
Ukrayna sərhəd xidməti bildirib ki, Rusiya Belarusun dəstəyi ilə beş regiona – Luqansk, Sumi, Xarkov, Çerniqov və Jitomirə hücum edir.