Elçibəydən danış, Əliyevlərdən danışma
Mustafa Hacıbəyli
Deyir, Elçibəydən danış, Mütəllibovdan danış, hətta Şah İsmayıl Xətai haqqında da danış, tənqid elə, amma Əliyevlərdən danışma.
Deyir, illərdir quru sərhədlərin xalqın üzünə bağlı qalmasından danışma. İşğaldan azad edilmiş torpaqların əvvəlki sahiblərinə – ən azı rəsmi sənədi olan şəxslərə qaytarılmamasından danışma.
Maaşların və pensiyaların qonşu ölkələrlə müqayisədə aşağı, cərimələrin isə dəfələrlə yüksək olmasından danışma. Müharibə veteranlarına verilən müavinətin cəmi 80 manat olmasından və bu pula cəmi 4 kilo ət düşməsindən danışma.
QHT nümayəndələri xaricdən Azərbaycana valyuta gətirmək ittihamı ilə 15 ilədək azadlıqdan məhrum ediliblər, halbuki, ölkəmizdə qəsdən adam öldürən cinayətkarların əksəriyyətinə bu qədər ağır cəza verilmir. Deyir, bundan danışma.
Deyir xaricdən danış, daxildən danışma.
Azərbaycan vətəndaşının nəinki hakimiyyəti dəyişmək, hətta öz narazılığını mitinq və piketlər vasitəsilə kütləvi şəkildə ifadə etmək hüququnun əlindən alınmasından heç danışma.
Əvəzində, 35 il bundan əvvəl hansısa toyda Əbülfəz Elçibəyə İsa Qəmbər nə demişdi, ondan danış. Deyir, Elçibəy prezident olmaq istəmirdi, İsa Qəmbər onu şantaj yolu ilə prezident olmağa məcbur etdi. Nə gözəl “şantajçı” imiş 🙂 – bir var şantajla prezidentlikdən vaz keçirmək, bir də əksi varmış 🙂
Deyir, bu gün və gələcək haqda danışma, keçmişdən danış. Amma Əliyevlər keçmişdə də başda olduqları üçün belə kuryoz vəziyyətlər yaranır.
Hakimiyyət propaqandasının ümümi xətti bundan ibarətdir. Sizə təqdim etdiyim vudeo bunun sadəcə kiçik bir nümunəsidir.

