Çörəyin bahalaşması artan korrupsiya ilə bağlıdır – Müsavat Divanının gündəliyi
Avqustun 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyadan verilən məlumata görə, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.
İclasda rayon təşkilatlarında ümumi yığıncaqların və konfransların keçirilməsinin gedişi barədə məlumat dinlənilib. Bu barədə müvafiq tapşırıqlar verilib.
Divanda Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Əlikram Xurşidovun apellyasiya məhkəməsi ilə bağlı məlumat dinlənilib.
Əlikram Xurşıdov və digər siyasi məhbuslara aid işlərin daim diqqətdə saxlanmasının vacibliyi vurğulanıb.
Divanda quru sərhədlərin bağlı saxlanmasının pandemiyanın qarşısının alınmasında heç bir effektinin olmaması qeyd edilib. Hakimiyyətdən sentyabr ayının 1-ə dək quru sərhədlərin açılması tələb olunub.
Hakimiyyətin Siyasi Partiyalar Haqqında yeni qanunun qəbul olunması təşəbbüsü barədə müzakirələr aparılıb.
Çörək və un məmulatlarının qiymətlərinin qaldırılmasının əhalinin xüsusilə aztəminatlı hissəsinə ağır zərbə vurduğu, ölkədə qiymətlərin nəzarətsiz olaraq qalxmasının antimonopoliya qanununun işləməməsi, getdikcə artan korrupsiya və rüşvətxorluqla bağlı olduğu qeyd edilib.
İclasda Qarabağda baş verən son hadisələr, həmçinin işğaldan azad edilmiş ərazilərin bərpası və məskunlaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
İclasda həmçinin Rusiya-Ukrayna müharibəsində yaranmış indiki durum haqqında məlumatlar dinlənilib.
Sonda cari məsələlərə baxılıb.