GündəmManşet

Ramin Deko necə şərləndiyini açıqladı

Meydan TV-nin jurnalisti Ramin Dekonun (Cəbrayılzadə) iyulun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində səsləndirdiyi sərbəst ifadəsini olduğu kimi təqdim edirik:

“Mən SSRİ-dən qalma otaqları nimdaş, dar, komaya bənzər bir məktəbdə oxumuşam. Birinci sinfi bitirəndə “Əlifba” bayramı görməsəm də, aldadıb “Müəllim” şeirini əzbərlətdirmişdilər. Şeirin ilk bəndi beləydi:

Ey hörmətli müəllim!

Hər könüldə yerin var.

Hər kənddə, hər şəhərdə,

Sənin meyvələrin var.

Hə, indi o müəllimlərin meyvələri, yəni bizlər kənddə, şəhərdə deyilik, İstintaq Təcridxanalarında, Cəzaçəkmə Müəssisələrində, üstündə lobya-badımcan olan piştaxtaların arxasındayıq… Belə ömür sürürük.

Həbsimə görə peşman deyiləm. Amma buna görə bir kimsəni də qınamıram. Günahkar varsa o da mənim ulu babamdır.

Yəni babamın, babasının, babasının, babası. Bizim şəcərəmiz uzaq Altaydan gəliblər. Hara? At belində basa-basa gəlib Lənkərana çıxıblar. Ay zalım balası, atın yüyənini bir azca sağa döndərsən İsveçə, Belçikaya, ən pis halda Latviyaya gedib çıxırdın. Nə işin vardı Lənkəranda? Yaxşı, gəlirsən, heç olmasa İçərişəhər tərəfdə atları saxla, orada özünə məskən qur, 4-5 sot torpaqda ev tik. İndi 700-800 min qiyməti olardı, mən də sənə “Allah rəhmət eləsin” deyərdim. Məsələn, mən o evi satıb, cənab prokurorla, hörmətli məhkəməylə anlaşardım. Təəssüf ki, özünü də yordun, məni də zibilə saldın.

Yox, mən Azərbaycanda doğulmağımdan da, burada yaşamağımdan da, jurnalistikayla məşğul olmağımdan peşman deyiləm. Əsla! Əksinə bizlər yəni 12 nəfər çox gözəl “cinayətkar yığınıyıq”!

Bəli, qəbullanıram, etiraf edirəm ki, bəlkə də harada yaşadığımın, nə işlə məşğul olduğumun fərqində deyilmişəm. Bilməmişəm ki, Azərbaycanda korrupsiyadan, nepotizmdən, diktaturadan danışmaq, yazmaq, reportajlar hazırlamaq bir cinayətdir. Oxuduğum kitablarda, televiziyalarda, hətta Konstitusiyada ölkəmizin müstəqil, vətəndaşların azad olduğu qeyd edilib. O da vurğulanıb ki, hər kəs fikrini deməkdə azaddır. Yəni mən belə eşitmişəm, oxumuşam. Bunları icra edəndə, reallaşdıranda həbs olunmuşam. Bildim ki, həqiqətləri bizim ölkədə demək cinayət imiş.

Jurnalistikaya qəzetçilikdən gəlmişəm. Bu ölkədə qəzetçiliyin sonunu görən mənim yaşıdlarımdır. İndi qəzetçilik yoxdur, hamısını məhv etdilər. Qalanları da bazarlıq edirlər.

Mən otaq, kabinet jurnalisti yox, küçələrdə olmuşam. Mənə “küçə uşağı” kimi xitab edə bilərsiniz. Küçə uşağı necə olur? İpə-sapa yatmayan, dəlisov, söyüşcül, böyüklərin sözünə baxmayan, hökumətin pis əməl və vərdişlərini tənqid edən adam. Hə, biz belə adamlarıq, belə jurnalistlərik! Bizi məzhur qılın!

Bizi hələ ki 7 maddəylə ittiham edirsiniz. Hələ məhkəmə araşdırılmasına başlanılmayıb. Gedişatda bu rəqəm arta da bilər. Sizi əziyyətə salmaq istəmirəm, ipucu verə bilərəm. Məsələn, bizi çirkli pulların yuyulmasında, ölkəyə narkotik daşınmasında, dələduzluqda da ittiham edə bilərsiniz. Onsuz da Azərbaycan məhkəmələri dünyanın bütün tribunalarında bizi biabır edib. Bir kərə də etməklə düşünmürəm böyük faciə olar.

Həbsimə görə kimsəni qınamıram. İndiki dövrdə ən yaxşı yer elə həbsxanadır. Universiteti bitirsəm də, magistr təhsili almağa imkan olmadı. Amma həbsxanalar ən yaxşı təhsil müəssisələridir. Ona görə də məni tutanlara – bu planı ortaya qoyanlara, icazəsini alanlara, icazəsini verənə, icra edənlərə təşəkkür edirəm. 15 ildir jurnalistikada görmədiyimi, yaşamadığımı, ölkəmin əsl üzünü, astarını həbsxanada gördüm. Həbsimə fərman verdiyiniz üçün, Cənab Prezident, sizə təşəkkür edirəm. Nə yaxşı ki, məni həbs etdirdiniz!

Məhkəmədən xüsusi gözləntim yoxdur. Siz qərar verəcək şəxs deyilsiniz. Bunu bildiyim üçün, buna görə siz sonda nə iş oxuyacaqsınızsa sizə lənət yağdırmayacam. Mənə kəsiləcək işə görə rahat yata bilərsiniz. O cümlədən mənə kəsilən hökmə görə sizə verilən ənam da halal xoşunuz olsun. Amma çalışın mənim kimi digər 11 nəfərin də halallığını alın. Halallıq yaxşı şeydir.

Sizdən bir ricam var. Bizi sevməyə bilərsiniz, bizə nifrət də edə bilərsiniz, bu sizin təbii haqqınızdır, amma bizə hörmət etməlisiniz. Biz küçə uşaqları olsaq da, yoldan ötənlər deyilik. Biz ölkə başçısı İlham Əliyevin şəxsi razılığı, xeyir-duası, icazəsiylə həbs olunmuşuq. Prezidentin şəxsi dustaqlarına yuxarıdan aşağı baxmayın. Hörmətlə davranın!

Bir azda həbsimdən danışım. Mən 2024-cü ilin dekabrın 6-da Tbilisidən Bakıya gəlmişəm. Təyyarədə 100-ə yaxın sərnişin olub. Bakıda hava limanında bu qədər sərnişindən yalnız mən yoxlamadan keçmişəm. Əl və yük çantalarım kamera nəzarətiylə yoxlanılıb. Əl çantamda zərfin içində 8000 avro pul olub. Soruşublar demişəm nəzarətçilərə, buna görə saxlanılmamışam. Çünkü qaqaqmalçılıq yaradacaq bir məbləğ olmayıb. 8000 avro ölkəyə gətirmək cinayət tərkibi yaratmır. Hava limanını sifariş etdiyim taksiylə tərk etmişəm. Təxminən 5 dəq sonra BŞBPİ-nin əməliyyatçıları tərəfindən saxlanılaraq həbs edilmişəm.

Niyə hava limanında əməliyyat keçirilərək saxlanılmamışam? Çünkü üzərimdə qaçaqmalçılıq halı yaratmayacaq 8 min avro olub. Orada məni saxlayıb yük çantama 30.000 (otuz min) avro qoya bilməyəcəkdilər. Ətrafda adamlar çox idi. Kimsə bunu lentə ala, çəkə bilərdi. Ona görə gözdən uzaq bir yerdə maşını saxlatdırıb məni tutdular. Məni həbs edən kimi əməliyyat çəkilişi olmadı. Təxminən 20 dəqiqə əməliyyatçıların avtomobilində saxladılar. Bu müddət ərzində çantama, yəni taksinin baqajında olan yük çantama 30 min avronu qoydular. Bundan sonra əməliyyat çəkilişinə başlanıldı. Çəkilişdə də 8 min avronun mənə məxsus olduğunu, “30 min avrodan xəbərsizəm” – dedim. Əgər əməliyyat çəkilişi məhkəmədə nümayiş etdirilsə görəcəksiniz ki, mənə məxsus olan 8 min avro bir zərfin içində əl çantamdadır, 30 min avro isə yük çantamda çirkli paltarların üstündə açıq şəkildədir.

Sual çıxır, hansı ağıllı adam bu qədər pulu belə açıq şəkildə ölkəyə, həm də qaçaqmalçılıq edərək gətirər? Cinayət törədən adam belə ucuz hərəkət edər? Hətta gop və fantastik süjetlərlə dolu olan Hindistan filmlərinin ssenarist və rejissorları bu cür keyfiyyətsiz iş görmürlər. Cimi kimi tanıdığımız Mitxun Çakrabotiyə bunu danışsaq şoka düşər. Havalanıb yenə Bombey küçələrində “Zubi-zubi zubbi” mahnısını ifa edər.

Mənim həbsim bu cür olub. Bir daha təkrar edirəm, əməliyyat çəkilişində 30 min avronun mənə aidiyyatı olmadığını demişəm. Çəkiliş uzun çəkdi, bu zaman məni tutanlar kimlərləsə əlaqəyə keçib digərlərinin də, yəni Meydan TV-nin başqa əməkdaşlarının, dostlarımın da həbs edilməsinə başlanılmasını dedilər. Mən də işin böyüdüyünü görüb çəkilişin davamında 30 min avronun mənə məxsus olduğunu söylədim. Məqsədim günahsız, suçu olmayan dostlarımı qorumaq idi. Amma olmadı, BŞBPİ-yə gələndə foyedə artıq hamının həbs edildiyini gördüm. Orada müstəntiqə ifadəmdə bu gün burada dediklərimi söylədim. Bildirdim ki, 8 min avro mənə məxsusdur, bu qaçaqmalçılıq halı yaratmır, həbsim sifarişli, saxta və quramadır. Məni və dostlarımı jurnalist fəaliyyətinə və eləcə də Meydan TV-də doğruları söylədiyi üçün həbs ediblər.

Bizim ölkə belədir. Azərbaycanda etmədiyin əməl belə sorğulanır. Bizim ölkədə niyyət sorğulanır. Bizim ölkədə niyyət belə cinayətdir. Buna görə babamın babasının babasının babasına hərdən əsəbləşirəm. Amma bizim ölkədə əsəbləşmək də cinayətdir. Həbsxanada bunu da tərgitmişəm”.

Meydan TV