Tofiq Yaqublu aclıq aksiyasına başladı
Həbsdə olan siyasi fəal, Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu qanunsuz həbsi və hüquqlarının pozulmasına etiraz olaraq, yanvarın 5-dən aclığa başladığını açıqlayıb.
O, yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılarkən bu haqda məlumat verib.
Bu məhkəmədə Yaqublunun 30 günlük inzibati həbsinə dair Səbail rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılırdı.
“Qarabağdan danışıb, Qarabağ qazisinə böhtan atırsan”
“Bu, dövlət adına utancdır ki, vətəndaşı hər kəsin gözünün qarşısında tutub gətirib şərləyirsən. Bütün günü Qarabağdan danışıb, Qarabağ qazisinə böhtan atırsan. Qarabağ qazisini narkomanlarla birlikdə saxlayırsan”, – siyasi fəal məhkəmədə belə deyib.
O vurğulayıb ki, Azərbaycanda məhkəmə sistemi yoxdur, hakim mantiyasını geyinənlər isə oyuncaq relslər üzərində qatar sürən uşaqlardan fərqlənmir:
“Hakim özü müstəqil qərar verən şəxslərə deyirlər. Kiminsə dediyini gəlib təkrarlayanlar hakim ola bilməzlər”.
“Ümid yaranmışdı ki, bəlkə nəticə dəyişər”
Səbail Rayon Məhkəməsi Yaqublunu xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama kimi inzibati xətalarda təqsirli bilərək, ona 30 sutka inzibati həbs cəzası kəsib.
Apellyasiya məhkəməsinin hakimi də bu qərarı dəyişmədən qüvvədə saxlayıb. Bu qərarın elanından sonra siyasətçi bu gündən (yanvarın 5-dən) aclığa başladığını açıqlayıb.
O bildirib ki, saxlandığı təcridxanada yanına gətirilən sovqatın qəbuluna imkan verilmir. Ailəsiylə ünsiyyət hüququ pozulur. Bütün bunlara və qanunsuz həbsinə etiraz olaraq, aclığa başlamaq qərarına gəlib.
Yaqublunun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, inzibati həbslərlə bağlı ölkə daxilində şikayət üçün sonuncu instansiya apellyasiya məhkəməsidir.
Ona görə də qərarı alandan sonra Avropa Məhkəməsinə şikayət göndərəcəklər:
“Məhkəmədə hakim videogörüntülərə baxmağa razılıq verəndə ümid yaranmışdı ki, bəlkə nəticə dəyişər. Çünki o görüntülərdə Tofiq Yaqubluya qarşı bu ittihamın tam saxta olduğu açıq-aşkar görünür. Təəssüf ki, məhkəmələrimiz öz ampluasındadır…”
AzadlıqRadiosu