Müsavat fəalı polisə çağırıldı: “Şikayətçi üzünə durub”

Yanvarın 17-də Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının Üzvü Rövşən Hüseynov Suraxanı Rayon Polis İdarəsinə çağırılıb. O, müstəntiqlar tərəfindən bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

Müsavatın Suraxanı rayon təşkilatından verilən məlumata gorə, Hüseynovu “şikayyətçi” ilə üzləşdiriblər: “Həmin adam Rövşən bəyin üzünə duraraq onu döydüyünü bildirib və ekpertizadan onu döyüldüyünü və döyülmə nəticəsində onun qabırğalarının qırıldığını və digər bədən üzvlərinin xəsarət aldığı rəydə qeyd olunub. Araşdırma Suraxanı RPİ-nin 30-cu bölməsində davam edəcək”.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev “Basta”nın sualına cavab olaraq Rövşən Hüseynovun polisə çağırıldığını təsdiqləyib: “Bir neçə gün əvvəl toy məclisindən sonra insident olub. Rövşən Hüseynovun dostu, ona xəsarət yetirilməsi barədə şikayət edib. Söhbət dərəcəsi bilinməyən yüngül xəsarətdən gedir. Araşdırma aparılır”.

Rövşən Hüseynovun özü, ona qarşı irəli sürülən ittihamla bağlı sualımıza belə cavab verib: “Tam yalandır. Toy başa çatdıqdan sonra toy sahibi məndən xahiş etdi ki, orada içib ayaq üstə dura bilməyən bir adamı da yolüstü evinə çatdırım. Mən və toyda iştirak edən daha iki şəxs taksi ilə getdik, həmin ickilini də evinə apardıq. Heç bir insident olmayıb. Şahidlər də bunu bilir. Ona yaxşılıq edib o vəziyyətində evə çatdırmışıq, sonra kim nə öyrədibsə, məndən şikayət edib”.

Müsavat Partiyasından verilən məlumata görə, ittiham uydurmadır və müxalifətə qarşı təzyiqlərin tərkib hissəsidir.

Xatırladaq ki, ötən il Rövşən Hüseynov müsavatçılar tərəfindən M.Ə.Rəsulzadənin Novxanıdakı heykəlinin ziyarət olunmasına polisin süni əngəl törətməsinə etiraz etdiyi üçün inzibati qaydada həbs edilmişdi.

Basta