Brüsseldə aparılan son danışıqların bəzi təfərrüatları açıqlandı

Mayın 18-də Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan  Azərbaycan prezidenti ilə mayın 14 də Brüsseldə keçirilən son görüşün bəzi təfərrüatlarını açıqlayıb.

“Mayın 14-də biz növbəti addım atdıq. Şarl Mişelin bəyanatında deyildiyi kimi, Azərbaycanın Ermənistanın 29,8 min kvadrat kilometr ərazisinin, Ermənistanın isə Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinin ərazi bütövlüyünü tanıdığını qeyd etdik. Bu, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması, eləcə də sərhədlərin delimitasiyası baxımından regionda sülh və sabitliyə nail olmaq üçün mühüm addımdır”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.

Baş nazirin sözlərinə görə, növbəti addım demarkasiya üçün hüquqi qüvvəyə və əhəmiyyətə malik olan konkret əsasların müəyyən edilməsi və razılaşdırılması olmalıdır.

Nikol Paşinyan həmçinin bəyan edib ki, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində Bakı və Xankəndi arasında Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi ilə bağlı dialoqun vacibliyi vurğulanıb.

Hökumət başçısının sözlərinə görə, Ermənistan-Azərbaycan dəmir yolunun bərpası ilə bağlı müəyyən müsbət anlaşma əldə edilib.

“Ancaq əvvəlki təcrübəmi nəzərə alaraq, bu məsələ ilə bağlı hər hansı konkret məlumat verməkdən çəkinəcəyəm. Bir daha vurğulamaq istərdim ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulan kommunikasiyaları açmağa hazırdır… Məhkumların və digər məhbusların sonrakı azadlığa buraxılması, itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı da müəyyən anlaşma olub. Amma məsələnin son dərəcə həssas olduğunu nəzərə alaraq, yalnız onu deyə bilərəm ki, qarşıdakı görüşlərdə bu mövzunun müzakirəsi davam etdiriləcək”.

Basta