Erməni politoloq Xankəndidəki rejimi sabotajda ittiham etdi

“O, kiminsə pis danışıq aparan biri olduğunu deyəndə, nəyi necə ölçdüyünü izah etməlidir- yaxşı danışıq aparmaq nədir, pis nədir?”

Bunu politoloq Hayk Sukiasyan “Haykakan Jamanak”a müsahibəsində Qarabağdakı separatçı rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ittihamını şərh edərkən deyib. Vardanyan deyib ki,  “Artsaxdakı (Qarabağdakı – red.) hazırkı vəziyyətə görə yalnız bir nəfər günahkardır, o da uğursuz danışıqlar aparan və ölkəyə rəhbərlik edə bilməyən şəxsdir”.

Sukiasyan xatırladıb ki, Vardanyanın müəmmalı şəkildə Qarabağa gəlib vəzifəyə sahib olduğu dövrdə, burada vəziyyət daha da pisləşib: “İndi pis danışıq aparan şəxs kimdir?”

Politoloqun sözlərinə görə, Ruben Vardanyan kimi “qayğıkeş” insanlar çoxdur, lakin onları Ermənistanın taleyi yox, Rusiyanın gələcəyi narahat edir.

Politoloq ehtimal edir ki, Qarabağda baş verən təxribatların arxasında Rusiyanın sülhməramlı qüvvələri dayanır.

“Onlar Ermənistanı silkələmək üçün tapşırıqlar alırlar. Onlar Ermənistanın azad olmasının qarşısını almaq üçün buradadırlar” – deyə,  Hayk Sukiasyan vurğulayıb.

“İstənilən halda bir şey aydın olmalıdır: Stepanakert İrəvana siyasəti diktə edə bilməz. Artsax hakimiyyəti bunu anlamalıdır, çünki hər dəfə Artsax siyasəti  Artsax tərəfindən sabotaj edilir” – deyə, politoloq bəyan edib.

Politoloqun fikrincə, Ermənistan ilə Xankəndidəki rejim arasında strateji yanaşmalarda fərqliliklər var.

“Yəqin ki, Artsax hökumətinin 90 faizi Artsaxın Rusiyaya verilməsini istəyir. Ermənistan isə Artsax üçün azadlıq, suverenlik və təhlükəsizlik təminatlarının tapılmasını istəyir. Bu, bizim fərqimizdir” – deyə,  Sukiasyan izah edib.

Politoloq həmçinin Ruben Vardanyanın Qarabağı tərk edərək, Rusiyaya qayıtmasını tələb edib.

Qeyd edək ki, “Haykakan jamanax” qəzetinin Nikol Paşinyanın ailəsinə məxsus olduğu bildirilir.

Basta